AZ

Türkiyə DİN meşə yanğınlarının məhv etdiyi yüzlərlə ev barədə məlumat verib

Ankara, 30 iyul, AZƏRTAC

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, iki aydan az müddət ərzində ölkənin 13 vilayətində 407 yaşayış binası, 17 ticarət obyekti və 96 yardımçı tikili meşə yanğınları nəticəsində tamamilə məhv olub və ya ciddi ziyan görüb.

AZƏRTAC xəbər verir ki, nazir təbii fəlakət zonasına dəymiş ziyanın ödənilməsi məqsədi ilə onun ətraflı təhlilini açıqlayıb.

A.Yerlikayanın sözlərinə görə, dövlət tərəfindən ayrılan 128 milyon lirənin 83 milyondan çoxu artıq zərərçəkənlərə təzminat qismində ödənilib.

“Evlərini itirmiş vətəndaşlar 105 modul tipli evə yerləşdirilib. Mən soydaşlarımı anomal istilər şəraitində son dərəcə ayıq-sayıq olmağa çağırıram”, -deyə Türkiyə DİN-in rəhbəri vurğulayıb.

Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkənin yaşıllıq ərazilərində baş verən yanğınların böyük əksəriyyəti insan faktoru ilə bağlıdır.

Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının gündəmində də meşə yanğınları mövzusu var.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
20
1
azertag.az

2Mənbələr