Serbiya Belqradda Azərbaycanla Strateji Tərəfdaşlıq Şurasının birinci iclasını keçirməyi planlaşdırır.
Bunu “Report”a müsahibəsində Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladislavleviç deyib.
Onun sözlərinə görə, Belqrad həmçinin Bakıda siyasi məsləhətləşmələrin yeni raundunu və Serbiya Respublikası Xalq parlamenti (skupşina) sədrinin səfərini planlaşdırır.
“Sentyabr ayında Bakıda siyasi məsləhətləşmələrin yeni raundunun keçirilməsi, həmçinin Serbiya Respublikası Xalq parlamenti (skupşina) sədrinin səfəri planlaşdırılır. Biz, həmçinin Belqradda birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirilməsi tarixinin müəyyənləşdirilməsi üzərində işləyirik. Lakin ən mühüm hadisə Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya çoxdan gözlənilən rəsmi səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi olacaq”, - səfir qeyd edib.
D.Vladislavleviç vurğulayıb ki, Serbiya Azərbaycanla enerji sahəsində əməkdaşlığn genişləndirilməsində maraqlıdır.
O, Serbiyanın təxminən 400 milyon kubmetr Azərbaycan qazı (2027-ci ilə qədər 600 milyon kubmetrə çatdırılma mümkünlüyü ilə) idxal etməyi planlaşdırdığını bildirib. Bundan əlavə, Niş şəhərində gələcək qaz elektrik stansiyasının ehtiyacları üçün əlavə həcmlərin tədarükü müzakirə olunur.
“Hər iki tərəf artıq müvafiq hökumətlərarası sazişi razılaşdırıb və onun imzalanması üçün münasib anı gözləyir. Bu, Serbiyada ən böyük qaz elektrik stansiyası olacaq. Layihə bizim enerji təhlükəsizliyimiz və “yaşıl keçid” üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu layihədə fəal iştirakına ümid edirik”, - səfir bildirib.
Diplomat Azərbaycan qazının alınması üçün Serbiya və Şimali Makedoniya arasında yeni interkonnektorun tikintisi planlarından da bəhs edib.
“Serbiya və Şimali Makedoniyanın dövlət enerji şirkətləri bu yaxınlarda iki ölkə arasında təxminən 70 km uzunluğunda yeni qaz kəmərinin tikintisi üçün hüquqi əsas yaradan Anlaşma Memorandumu imzalayıb. Hazırda texniki sənədlərin hazırlanması prosesi gedir və əgər hər şey plana uyğun gedərsə, o zaman layihə 2027-ci ildə tamamlana bilər”, - o qeyd edib.
D.Vladislavleviç enerji təhlükəsizliyinin gücləndirilməsi üçün bu layihənin vacibliyini diqqətə çatdırıb.
Müsahibənin tam versiyası ilə bu link vasitəsilə tanış olmaq mümkündür