Son günlər bəzi xəbər portallarında “Aqromix Qarabağ yağ emalı” zavodunun rəhbəri Gülpəri Bayramovanın kənd əməkçilərinin maaşlarını ödəmədiyi və onların şikayət etməyə məcbur qaldığına dair məlumatlar yayılıb.
İttihamlarla bağlı Editor.az-a açıqlama verən zavodun rəhbəri yayılan məlumatları əsassız və təxribat xarakterli adlandıraraq, məsələyə aydınlıq gətirib. Gülpəri Bayramovanın sözlərinə görə, iddiaları səsləndirən şəxslər işlərini tamamlamaq əvəzinə müqavilə öhdəliklərini pozaraq ərazidən uzaqlaşıblar. Daha sonra isə haqsız olaraq ictimai fikri çaşdırmaq məqsədilə saxta ittihamlarla çıxış ediblər: “Bu, açıq-aşkar böhtan və dələduzluq cəhdidir. Bizim zavod rəsmi müqavilələr əsasında fəaliyyət göstərir və heç bir əmək öhdəliyi yerinə yetirilmədən ödəniş həyata keçirilə bilməz”.
O qeyd edib ki, “Aqromix Qarabağ yağ emalı” zavodu şəffaflıq, əməkhaqqı ədaləti və yerli əməkdaşlara dəyər prinsipləri ilə fəaliyyət göstərir. Direktor deyib ki, hazırda sözügedən məsələ ilə bağlı hüquqi prosedurlar başlanılıb və adları hallanan şəxslər barəsində müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib.
Gülpəri Bayramova ictimaiyyətə çağırış edərək bildirib ki, heç bir dezinformasiya bu fəaliyyətləri gözdən sala bilməz və müəssisə bundan sonra da eyni prinsiplərlə fəaliyyətini davam etdirəcək.
\\Gülnarə Abasova, Editor.az