Keçmişdən bu günə qədər baş verən ən böyük zəlzələlər dünya tarixində silinməz izlər buraxıb. Bəziləri dəqiqələrlə davam edib, bəziləri isə bütöv qitələri titrədib.
News24.az CNN Türk-ə istinadən xəbər verir ki, tarixdə qeydə alınmış ən güclü 10 zəlzələnin siyahısı belədir:
1. 1960 – Çili, Valdivia (9,5 bal):
Tarixin ən güclü zəlzələsi 10 dəqiqə davam edib. 1655 nəfər ölüb, 2 milyon insan evsiz qalıb. Sakit Okean boyu sunamilər baş verib.
2. 1964 – ABŞ, Alyaska (9,2 bal):
ABŞ tarixində ən böyük zəlzələ sunami ilə birlikdə Kaliforniya və Oreqona qədər təsir edib. 131 nəfər ölüb.
3. 2004 – İndoneziya, Sumatra (9,1 bal):
Hind okeanı boyunca yayılan sunami 14 ölkəyə təsir edib. Ölənlərin sayı 227 mindən çoxdur.
4. 2011 – Yaponiya, Senday (9,0 bal):
Fukusima AES-in zədələnməsi ilə nəticələnən zəlzələdə 19759 nəfər həlak olub, 2500-dən çox insan itkin düşüb.
5. 1952 – Rusiya, Kuril adaları (9,0 bal):
Rusiyada qeydə alınan ən güclü zəlzələdə sunami Havay adalarına qədər yayılıb. 2300 nəfər həyatını itirib.
6. 2025 – Rusiya, Kamçatka (8,8 bal):
Bu il baş verən zəlzələ sunami təhlükəsi yaratdı. Yaponiya, ABŞ və Havayda evakuasiya elan olundu.
7. 2010 – Çili, Maule (8,8 bal):
3 dəqiqəlik zəlzələ 2 milyon insanın təxliyyəsinə səbəb oldu. 1,5 milyon nəfər evsiz qaldı.
8. 1906 – Ekvador və Kolumbiya (8,8 bal):
Zəlzələdən sonra yaranan sunami Panama və Havaya qədər çatdı. Minlərlə insan həyatını itirdi.
9. 1965 – Alyaska, Siçovul adaları (8,7 bal):
Sunami Havay sahillərinə qədər çatdı, çaxnaşma yaratdı.
10. 2005 – İndoneziya, Sumatra (8,6 bal):
Nias və Simeulue adalarında baş verən zəlzələdə 1300 nəfər öldü. Ölkə 2004-cü ildən sonra ikinci dəfə sarsıldı.
Xeyrənsə Piriyeva