Türkiyə Statistika Təşkilatı (TÜİK) 2022-2024-cü illər üçün "Həyat Cədvəlləri" məlumatlarını açıqlayıb. Buna görə, Türkiyədə doğumla gözlənilən orta ömür uzunluğu 78,1 il olub. Müqayisə üçün, 2021-2023-cü illərdə bu rəqəm 77,3 il olub.
Hafta.az-ın yazdığına görə, cinslərə görə bölgüdə kişilərin doğulanda gözlənilən ömür uzunluğu 75,5, qadınların gözlənilən ömür uzunluğu isə 80,7 yaş olaraq açıqlanıb. Belə ki, qadınlar kişilərdən orta hesabla 5,2 il daha çox yaşayır. Bu fərq bütün yaş qruplarında aydın şəkildə müşahidə olunurdu.
TÜİK məlumatları təhsil səviyyəsinin gözlənilən ömür uzunluğuna birbaşa təsir etdiyini ortaya qoyub. Bildirilib ki, 30 yaşdan yuxarı orta təhsilli şəxslərlə ali təhsilli məzunlar arasında gözlənilən ömür uzunluğunda təxminən 5 il fərq var. Bu fərq həm kişilərdə, həm də qadınlarda eyni şəkildə müşahidə edilib.
TÜİK-in “sağlam ömür” tərifinə görə, bir insanın doğuş zamanı sağlamlıq problemi olmadan yaşaya biləcəyi ortalama il sayı 57,6-dır. Bu müddət kişilər üçün 58,9, qadınlar üçün isə 56,3 yaş təşkil edir. Bu o deməkdir ki, kişilər qadınlardan orta hesabla 2,6 il daha çox sağlam ömür yaşayırlar.