AZ

Palata: Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir

Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir.

"APA-Economics" xəbər verir ki, bunu Hesablama Palatasının "Naxçıvan İpoteka Fondu"nda apardığı auditin nəticələri ortaya çıxarıb. Aparılan audit əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının məhdud olduğunu üzə çıxarıb.

Məlumata əsasən, güzəştli ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşdirilsə də, adi ipoteka kreditləri (8%-lə) yalnız Fondun yığılmış daxili vəsaiti hesabına verilir. Bu mənbənin illik həcmi isə orta hesabla cəmi 1 milyon manat təşkil edir ki, bu da ildə təxminən 7 nəfərin ipoteka kreditindən yararlanmasına imkan verir.

Hesabatda vurğulanır ki, bu rəqəm əhalinin mənzilə olan yüksək tələbatı fonunda çox aşağı göstəricidir və ipotekaya çıxış imkanlarının məhdudluğunu əyani şəkildə göstərir.

Bundan əlavə, ipoteka kreditlərinin əldə edilməsi üçün elektron müraciət sisteminin olmaması, vətəndaşların həm Fond, həm də müvəkkil banklara dəfələrlə müraciət etməsinə və prosesin uzanmasına səbəb olur. İllik müraciətlərin sayı 450-dən çox olsa da, yalnız az bir qismi təmin olunur.

Hesablama Palatası bu vəziyyəti əhalinin mənzil təminatında ciddi məhdudiyyət və şəffaflıq problemi kimi qiymətləndirib.

Seçilən
25
7
apa.az

8Mənbələr