“Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük veriləcək. Bu, müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir”.
Bu sözləri bu günkü brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib.
O qeyd edib ki, bu yanaşma vakansiyalardan imtina hallarının qarşısının alınmasına xidmət edir:
“Təhlillər göstərir ki, son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib. Bu meyarın tətbiqi, xüsusilə bölgələr üzrə müəllim çatışmazlığının azaldılması, vakansiyaların daha effektiv şəkildə tutulması və müəllimlərin rifah səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir”.