Coca-Cola Azərbaycan ölkənin aparıcı media nümayəndələri üçün İsmayıllı zavoduna media tur təşkil edib.
Tədbir çərçivəsində qonaqları “Azerbaijan Coca-Cola Bottlers” MMC şirkətinin baş direktoru Rəna Məmmədova və digər rəhbər şəxslər qarşılayıblar.
Media nümayəndələri Coca-Cola Azərbaycanın İsmayıllıda fəaliyyətə başlayan yeni zavodu, bu zavoda qoyulan yeni investisiyalar, müasir beynəlxalq standartlara cavab verən istehsal prosesi, dünya keyfiyyət və təhlükəsizlik standartlarının burada təmin edilməsi, zavodun fəaliyyətinin əhalinin məğulluğuna töhfə verməsi barədə məlumatlandırılıblar.
Daha sonra media nümayəndələri zavod ərazisində istehsal prosesini yaxından izləyib, müəssisənin texnoloji imkanları ilə tanış olublar.
Qeyd edək ki, səfər Milli Mətbuat Günü ərəfəsinə təsadüf etdiyi üçün Coca-Cola əməkdaşları tərəfindən jurnalistlərin peşə bayramları təbrik edilib.
Xatırladaq ki, “Azerbaijan Coca-Cola Bottlers” MMC 1996-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində ölkə iqtisadiyyatına ümumilikdə 200 milyon ABŞ dollarından çox sərmayə yatırıb.
İsmayıllı rayonunun Topçu kəndində yerləşən ikinci zavod isə 2024-cü il mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 15 hektar ərazidə yerləşən müəssisənin illik istehsal gücü 165 milyon litr təşkil edir. Zavodun ümumi investisiya dəyəri 80 milyon manatdır.