Məktəbli formalarının alınması zamanı valideynlərin müəyyən satış məntəqələrinə yönləndirilməsi yolverilməzdir.
News24.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində hazırda 4 model geyim forması qüvvədədir və bu modellər 2022-ci ildə hər məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilib.
“Valideynlər, xüsusilə birinci sinfə gedəcək şagirdlərin valideynləri, forma seçimi ilə bağlı məlumatı həm Agentliyin, həm də məktəblərin çağrı mərkəzlərindən və yerli bölmələrdən əldə edə bilərlər. Heç kim müəyyən bir ticarət nöqtəsinə yönləndirilə bilməz – forma seçimi tamamilə sərbəstdir”, – deyə İsmayılbəyli bildirib.
Agentlik bu məsələ ilə bağlı yerli struktur bölmələrinə və tabeliyindəki müəssisələrə müvafiq göstərişlər verildiyini də vurğulayıb.
Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya çətinliklə qarşılaşdıqda Agentliyin “Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.
Aqil Qarayev