AZ

Bakıda qənnadı və çörəkçilik sənəti üzrə birinci beynəlxalq çempionat keçirilib

Bakı, 30 iyul, AZƏRTAC

Bakıda qənnadı və çörəkçilik sənətinə həsr olunmuş birinci beynəlxalq “Pastry & Bakery Chefs Baku Cup - 2025” çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Bakı Kulinariya Assosiasiyası tərəfindən təşkil edilib.

Çempionat peşəkar şirniyyatçıları və ixtisaslaşdırılmış təhsil müəssisələrinin tələbələrini bir araya gətirib. Onlara öz bacarıqlarını nümayiş etdirmək və təcrübə mübadiləsi aparmaq üçün unikal platforma yaradılıb.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanda qənnadı məmulatları və çörək istehsalı sənayesinin inkişafına kömək edilməsi, eləcə də istedadlı mütəxəssislərin üzə çıxarılması və onların beynəlxalq səviyyədə təbliği olub.

Müsabiqə proqramına “Milli şirniyyat süfrəsi”, “Bədii sinif” (şirniyyatlar və şokolad məmulatları), “Toy tortu”, “Çörəkbişirmə sənəti”, “Oyma – meyvə və tərəvəzlərdən kompozisiyalar” kimi nominasiyalar daxil edilib. İştirakçılar yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirərək orijinal, yaradıcı və texniki cəhətdən mürəkkəb kulinariya nümunələri təqdim ediblər.

İştirakçıların işləri Türkiyə, Qətər, Pakistan və BƏƏ-dən tanınmış ekspertlərin daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bakı Kulinariya Assosiasiyasının sədri İlkin Əkbərzadə jurnalistlərlə söhbətində qeyd edib ki, çempionatın əsas məqsədi Azərbaycan qastronomiyasını, xüsusən də ənənəvi şirniyyat və çörəkbişirmə sənətini təbliğ etməkdir.

“Məqsədimiz daha dərindir: Azərbaycan mətbəxinin orijinallığını və zənginliyini beynəlxalq ictimaiyyətə çatdırmağa, kulinariya irsimizin nə qədər rəngarəng və mürəkkəb olduğunu göstərməyə çalışırıq”, -deyə o vurğulayıb.

Bakıda keçirilən kulinariya müsabiqəsində ilk dəfə iştirak edən Qətər təmsilçisi Çamil Tuşara Fernando dəvətə görə minnətdarlığını bildirib və tədbirin təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib: “İşgüzar ab-hava, təşkilatçıların peşəkarlığı, yeni tanışlıqlar və təcrübə mübadiləsi məndə ən müsbət təəssürat yaratdı. Xüsusən də gənc aşpazların bacarıq və həvəsi sevindirici idi. Onların böyümə və inkişaf etmə səyləri hörmətə layiqdir”.

O, həmçinin mentor fəaliyyətinin vacibliyini də vurğulayıb: “Kulinariya sənayesinin gələcəyi gələcək nəslin hazırlanmasına nə dərəcədə məsuliyyətlə yanaşmağımızdan asılıdır. Bu, bizim ən mühüm missiyamızdır”.

Pakistan Aşpazlar Assosiasiyasının nümayəndəsi Şahid Mahmud qeyd edib ki, onun komandasının çempionatda iştirakı təkcə peşəkar vəzifələrlə əlaqədar deyil, həm də beynəlxalq əlaqələrin möhkəmlənməsi üzrə atılan mühüm addımdır. Onun sözlərinə görə, Pakistan nümayəndə heyətinin məqsədi həm öz ölkəsində, həm də Azərbaycanda kulinariya sahəsində istedadlı gənclərin üzə çıxarılması və onların inkişafıdır. O əlavə edib: “Əminik ki, bu sahədə əməkdaşlıq ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək”.

Tədbir çərçivəsində qabaqcıl beynəlxalq mütəxəssislər tərəfindən ustad dərsləri də təşkil edilib. Müasir türk mətbəxi nümunələrinin hazırlanmasında özünün müəllif texnikasını nümayiş etdirən və peşəkar sirlərini bölüşən şef-aşpaz Süleyman Kursakın çıxışı xüsusi maraq doğurub.

Çempionatın sonunda mükafatlandırma mərasimi olub.

Seçilən
8
azertag.az

1Mənbələr