Artıq XXI əsrin üçüncü onilliyidir. Elm, texnologiya və insan hüquqlarının inkişafı fonunda hələ də bəzi sosial problemlər aktuallığını saxlayır. Onlardan biri də erkən nikahdır. Bu problem təkcə ailə institutunun zədələnməsinə gətirib çıxarmır, həm də insan hüquqlarının pozulması, uşaqların təhsil imkanlarının məhdudlaşdırılması və cəmiyyətin sağlam inkişafına zərbə kimi qiymətləndirilir.
Dünyada uşaq hüquqlarının qorunması məqsədilə BMT-nin “Uşaq Hüquqları Konvensiyası” və “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya” kimi beynəlxalq sənədlər qəbul edilib. Hər iki sənəd uşaq yaşda ailə qurmağı, buna məcburetməni açıq şəkildə pisləyir və sənədləri qəbul edən dövlətləri belə halların qarşısını almağa çağırır.
Azərbaycan da bu konvensiyalara qoşulub və erkən nikahla mübarizə sahəsində ciddi addımlar atır. 2024-cü ilin birinci yarısına dair Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatına əsasən, ölkədə 18 yaşdan aşağı qeydə alınmış nikah faktlarının sayı əvvəlki illərlə müqayisədə azalsa da, qeyri-rəsmi erkən nikahların artma meyli müşahidə olunur. Xüsusilə, regionlarda, sosial-iqtisadi baxımdan çətinlik yaşayan ailələrdə bu problem daha qabarıq şəkildə özünü göstərir. Sezar pizza
Qanunvericilikdə erkən nikaha qarşı qadağalar
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı həm qadın, həm də kişi üçün 18 yaş müəyyən edilib. Qanunvericilikdə əvvəllər 17 yaşında nikaha icazə verilməsinə şərait yaradan istisna halların mövcudluğu bu sahədə sui-istifadə hallarına yol açırdı. Lakin 2023-cü ildə qəbul edilən dəyişikliyə əsasən, bu istisna tamamilə ləğv edilib. Beləliklə, qanuni nikah yalnız 18 yaşdan sonra mümkündür.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-cı və 152-ci maddələrinə görə isə yetkinlik yaşına çatmamış şəxslə nikaha daxil olma və ya onunla cinsi əlaqədə olma halları cinayət məsuliyyəti yaradır. Belə hallara yol verən şəxslər azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılırlar.
“Erkən nikaha qadağalar qeyri-qanuni nikahlara yol açmamalıdır”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova mətbuata açıqlamasında erkən nikah və qohum nikahlarına qadağalara toxunaraq qeyd edib ki, bunlar qeyri-qanuni nikahlara yol açmamalıdır:
“Azərbaycan qanunvericiliyində 17 yaşında nikaha icazə verilməsi ilə bağlı istisna halların ləğvi və qohum nikahlarına qadağaların qüvvəyə minməsi cəmiyyətdə qeyri-rəsmi ailə qurmaq cəhdlərinin arta biləcəyi ilə bağlı narahatlıqlar doğurub. Yada salmaq lazımdır ki, qeyri-rəsmi, qeydiyyata alınmamış nikahlar təkcə ailə hüququ subyektlərinin hüquq və vəzifələrinin yaranmasına səbəb olmur. Bu, həm də vərəsəlik, aliment, mülkiyyətin bölünməsi kimi sahələrdə ciddi hüquqi boşluqlara yol açır. Həmçinin belə nikahdan doğulmuş uşaqların statusunun müəyyənləşdirilməsi də hüquqi çətinliklər yaradır”.
Statistika və ictimai baxışlar
Mətbuatda dərc edilən məlumatlara əsasən, 2024-cü ilin ilk 6 ayı ərzində ölkədə 1500-ə yaxın erkən evliliyə cəhd faktı qeydə alınıb. Onların böyük hissəsi valideynlərin təşviqi və ya təzyiqi ilə baş tutub. Sosial şəbəkələrdə və yerli mediada yayılan məlumatlarda göstərilir ki, erkən nikah halları əsasən kənd yerlərində və az təhsilli ailələrdə daha geniş yayılıb.
Deputat Tahir Rzayev erkən nikahla bağlı danışarkən qeyd edib ki, Azərbaycan qanunvericiliyi uşaqların hüquqlarını tam qoruyur:
“Erkən nikah cəhdləri ilə bağlı cəza mexanizmləri mövcuddur və vaxtaşırı sərtləşdirilir. Lakin hər şeyi qanunla nizamlamaq olmur. 14-15 yaşında qızların ərə verilməsi valideyn məsuliyyətsizliyinin nəticəsidir. Bu yaşda ailə qurmuş qızlar fiziki və psixoloji problemlərlə qarşılaşırlar, ana olmaq üçün bioloji və mənəvi baxımdan hazır olmurlar. Bu cür halların nəticəsi olaraq, boşanmalar və sağlam uşaq doğulmama halları artır”.
Hüquqi tədbirlərlə yanaşı, maarifləndirmə də vacibdir
Qeydə alınan və ya alınmayan faktlardan, ekspertlərin yanaşmalarından gəlinən nəticə budur ki, erkən nikah təkcə bir fərdin deyil, bütöv bir cəmiyyətin gələcəyinə vurulan zərbədir. Qanunvericilik bu sahədə kifayət qədər sərtdir, lakin praktikada əsas problem maariflənmənin yetərli olmamasıdır. Təhsil müəssisələrində, ailələrdə və media orqanlarında bu mövzuya daha çox diqqət ayrılmalıdır. Valideynlər başa düşməlidirlər ki, uşaqlarının gələcəyini yalnız qanun qarşısında deyil, mənəvi və fiziki sağlamlıq baxımından da təhlükəyə atırlar.
Yekunda deyə bilərik ki, erkən nikahla mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin hər bir fərdinin üzərinə düşən məsuliyyətdir. Uşaq yaşda evliliklərə yox demək - gələcəyimizi qorumaq deməkdir.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Telegram kanalımız