Türkiyə və Azərbaycanın müdafiə sənayesindəki inkişaf hər iki ölkənin hərbi gücünü artırır, xarici asılılığı isə azaldır. Şuşa Bəyannaməsi fonunda bu texnologiyaların gələcəkdə Azərbaycanın silah arsenalına daxil olması real görünür.
Türkiyənin İDEF 2025 sərgisində təqdim etdiyi yeni nəsil silahların Azərbaycanın müdafiə strategiyası baxımından əhəmiyyəti nə qədər böyükdür? Bu silahların ölkəmizin arsenalına daxil olması regionda güc balansına necə təsir edə bilər?
"Keçmişə, bu günə və gələcəyə nəzər saldıqda görürük ki, dünyada maraqlar əsasən güc üzərində tənzimlənir. Eramızdan əvvəl də belə olub, bu gün də belədir və gələcəkdə də bu şəkildə qalması ehtimalı yüksəkdir. Yəni maraqlar güc vasitəsilə həyata keçirilir. Biz bunu Yunan imperiyası dövründə, Çingizxan zamanında, Osmanlı dövründə və Sovet İttifaqı dövründə də müşahidə etmişik. Maraqlar hər zaman güc vasitəsilə həyata keçirilir və güc vasitəsilə diqtə olunur. Müasir dövrümüzdə isə "beynəlxalq hüquq" adlanan anlayış mövcuddur və bununla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq Nizamnaməsi var. Bu Nizamnaməni də BMT-yə üzv dövlətlər qəbul ediblər".
Bu fikirləri mövzunu Olaylar.az-a şərh edərkən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib. Politoloq bildirib ki, təəssüf ki, bu gün dünya siyasəti həmin BMT Nizamnaməsi çərçivəsində deyil, məhz güc üzərində tənzimlənir. Belə olan halda, hər bir dövlət öz hərbi qüvvəsini gücləndirməkdə maraqlıdır. Müasir texnologiyalar vasitəsilə müharibələr həyata keçirilir və güc tətbiq olunur: "Əgər keçmişə nəzər salsaq, o zaman maraqlar qılınc, ox və yay vasitəsilə reallaşdırılırdısa, bu gün həmin maraqlar müasir dronlar, ballistik raketlər və digər silahlarla həyata keçirilir. Təbii olaraq, belə bir şəraitdə hər bir dövlət özünü müdafiə etmək və müasir silahlarla təchiz olunmaqda maraqlıdır. Bu baxımdan da Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra milli maraqlarını qorumaq məqsədilə ordusunu gücləndirib. Xatırlatmaq yerinə düşər ki, BMT-nin dörd qətnaməsi mövcuddur və Ermənistan 30 il ərzində Azərbaycanın ərazilərini işğal altında saxlayıb. Həmin qətnamələrə baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilmədi. Belə olan halda, Azərbaycan öz ordusunu gücləndirərək, müasir silahlarla təchiz edərək, işğal altındakı torpaqlarını azad etdi. Bu fakt bir daha sübut edir ki, hər bir dövlət özünü müdafiə etmək üçün ordusunu güclü və müasir silahlarla təmin etməlidir".
A. Məsiyevin sözlərinə görə, dünya siyasəti beynəlxalq hüquqla deyil, gücün diqtəsi ilə tənzimlənir: "Belə olan halda, Azərbaycan və Türkiyə də öz ordularını müasir texnologiyalara əsaslanan silahlarla təchiz etmək istiqamətində addımlar atır. İstər elmi tədqiqat mərkəzləri vasitəsilə, istərsə də müdafiə sənayesində aparılan işlər nəticəsində yeni müasir silahların əldə edilməsi prosesi davam edir. Bu müasir silahların əldə olunması sırf özünü müdafiə məqsədi daşıyır. Çünki istər Türkiyə, istərsə də Azərbaycan "Yurdda sülh, cahanda sülh" fəlsəfəsini həyata keçirmək istəyir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılacaq Turan İttifaqı təkcə mənəvi, iqtisadi və siyasi deyil, həm də hərbi inteqrasiyanı əhatə etməlidir. Çünki zaman bunu tələb edir. Dünyada yaranmış qütbləşmə və hərbi xaos onu göstərir ki, biz özümüzü müdafiə etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində Turan İttifaqını yaratmalı və bu İttifaq daxilində hərbi gücümüzü müasir silahlarla təmin etməliyik. Bu isə dövlət və milli maraqlarımızdan irəli gəlir.
Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi strateji müttəfiqlik sənədidir: "Bu sənəd siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Belə olan halda, "bir millət, iki dövlət" fəlsəfəsi əsasında daxili və xarici siyasətimiz formalaşır. Bu baxımdan, özünü müdafiə məqsədilə müasir silahların əldə edilməsi vacibdir.
Dünyada baş verən proseslər - istər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdəki qarşıdurmalar və Birləşmiş Ştatlarla Qərbin yaratdığı hərbi xaos fonunda Azərbaycan üçün müasir silahların əldə olunması zərurətə çevrilib. Bu səbəbdən elmi tədqiqat işləri aparılmalı, gələcəkdə daha güclü silahlar istehsal olunmalıdır. Bu, zamanın tələbidir. Əgər dünya siyasəti beynəlxalq hüquqla tənzimlənsəydi, bu qədər silahlanmaya və silah istehsalına ehtiyac qalmazdı. Təəssüf ki, həm qədim dövrlərdə, həm yaxın keçmişdə, həm də bu gün insan şüurunda təkamül prosesi getməyib. Sülh yolu ilə nizamlanma məsələsi ikinci plana keçib. Necə ki, keçmişdə maraqlar güc yolu ilə həyata keçirilirdisə, bu gün də elədir. Sadəcə olaraq bu gün texnologiyalar daha inkişaf edib və maraqlar müasir texnologiyalarla həyata keçirilir.
Politoloqun fikrincə, gələcək proseslərin gedişatı da göstərir ki, beynəlxalq münasibətlər güc üzərində tənzimlənməyə davam edəcək. Bu səbəbdən də biz bir millət və bir dövlət olaraq "Yurdda sülh, cahanda sülh" fəlsəfəsini həyata keçirmək üçün müasir texnologiyalara malik orduya sahib olmalıyıq. Bu, Azərbaycan qarşısında olan təhdidlərə və təhlükələrə adekvat cavab verməyə imkan yaradacaq. Unutmamalıyıq ki, qonşularımız, xüsusilə də Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəmir. Əksinə, yenidən qarşıdurma vəziyyətinə qayıtmaqda maraqlıdır. Ermənistan konstitusiyasında Azərbaycanın ərazilərinə qarşı ərazi iddialarını açıq şəkildə əks etdirir. Bu iddialar yalnız Azərbaycana deyil, eyni zamanda Türkiyəyə də yönəlib.
"Ermənistan, başda ABŞ olmaqla Qərbi öz arxasına alaraq hərbi baxımdan müasir silahlarla təchiz olunur. Ermənistanı himayə edən dövlətlər və dairələr onu silahlandırır. Bu isə, şübhəsiz, Azərbaycana qarşı birbaşa təhdiddir. Bu baxımdan Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün müasir silahların əldə edilməsinə böyük önəm verməlidir. Bu, həm dövlət, həm də milli maraqlar baxımından zəruridir. Eləcə də Türkiyə üçün. Məlum olduğu kimi, Qərb dairələri Türkiyənin regional gücdən qlobal gücə çevrilməsini istəmir və bu səbəbdən təzyiqlər göstərirlər. Belə bir şəraitdə Türkiyə və Azərbaycan birgə hərbi sənaye sahəsində əməkdaşlıq etməli və bu əməkdaşlığı daha da inkişaf etdirməlidirlər", - deyə Azad Məsiyev sonda vurğulayıb.
Səidə Ramazanova