Şimali Atlantika Alyansı regionun Rusiya ilə geosiyasi qarşıdurma potensialından istifadə etmək üçün Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışır.
Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Ümumilikdə NATO və onun ayrı-ayrı üzv dövlətləri artıq bir neçə ildir ki, Cənubi Qafqazda möhkəmlənməyə və ya mövqelərini gücləndirməyə çalışırlar”, – diplomat qeyd edib.
“Alyansın məqsədi nədir? Düşünürəm ki, bu, aydındır – məqsəd region ölkələrinin potensialından və resurslarından kollektiv Qərbin maraqları naminə, xüsusilə də ölkəmizlə geosiyasi qarşıdurma kontekstində istifadə etməkdir”.
Eyni zamanda, Zaxarova vurğulayıb ki, "Qərbin postsovet məkanında bərabərhüquqlu münasibətlərə ehtiyacı yoxdur. Onlar resursları götürməli, ölkələri bir-birinə qarşı qoymalı, hər şeyi məhv etməli və özlərini tipik müstəmləkəçi, quldar və imperialist kimi aparmalıdırlar”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin ümidvar olduğunu bildirib ki, region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan, NATO ilə əməkdaşlığın dərinləşdirilməsinin vəziyyəti gərginləşdirə biləcəyinə dair bütün mövcud risklərdən xəbərdardırlar.
“Hər kəs bilir ki, Şimali Atlantika Alyansı harada peyda olursa, orada qarşıdurma yaranır, hərbi gərginlik artır, sülh və sabitlik kimi anlayışlar isə unudulur”, – deyə Zaxarova bildirib.