Avstraliya, dünyada bir ilkə imza ataraq gənclərə tətbiq edilən sosial şəbəkə məhdudiyyətlərini YouTube platformasını da əhatə edəcək şəkildə genişləndirdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, əvvəllər aparılan bir sorğuda ölkədə yetkinlik yaşına çatmayan uşaqların 37 faizinin YouTube-da zərərli məzmuna rast gəldiyi və bu göstəricinin digər sosial media platformaları arasında ən pis nisbət olduğu vurğulanmışdı.
Baş nazir Entoni Albanese (Anthony Albanese) açıqlamasında, Avstraliyalı uşaqların onlayn platformalardan mənfi təsirləndiyinə diqqət çəkərək, sosial media şirkətlərinə ictimai məsuliyyətlərini xatırladıb.
Bu qərarla birlikdə dekabr ayında qüvvəyə minəcək olan qadağa genişləndirilmiş oldu.
YouTube, Avstraliyada 13–15 yaş arası yeniyetmələrin demək olar ki, dörddə üçü tərəfindən istifadə olunur. Platforma isə öz əsas fəaliyyətinin “video hostinq” (yəni video yerləşdirmə) olduğunu bildirərək, sosial media kimi qəbul edilməməli olduğunu iddia edir.
Hökumət keçən il YouTube-un müəllimlər arasında populyar olduğunu nəzərə alaraq onu qadağadan istisna edəcəyini bildirmişdi. Lakin Facebook, Instagram, Snapchat və TikTok kimi bu qadağadan təsirlənəcək digər platformalar buna etiraz etmişdi.
Həmin şirkətlər bildiriblər ki, YouTube da onlar kimi istifadəçi ilə qarşılıqlı əlaqə qurur və məzmuna dair tövsiyələr verən alqoritmlərdən istifadə edir, bu səbəblə bərabər şərtlər tələb olunmalıdır.
Yeni tənzimləməyə əsasən, 16 yaşından kiçik uşaqlar YouTube-da hesab aça bilməyəcək. Lakin valideynlər və müəllimlər, bu platformadan uşaqlara video göstərmək məqsədilə istifadə edə biləcəklər.