İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
“İlkin araşdırmalar və sürücünün verdiyi məlumatlar əsasında müəyyən edilib ki, "Mersedes-Benz" markalı, 77 DH 906 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən H.Nəbiyev sükan arxasında yuxulaması səbəbindən idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb.
Baş vermiş bu qəza nəticəsində ölüm halının olmaması tamamilə təsadüfdür. Çünki belə qəzaların böyük əksəriyyəti bir çox hallarda ölüm və ya ağır xəsarətlə nəticələnir. Unutmaq olmaz ki, yol belə səhvləri bağışlamır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, uzunmüddətli fasiləsiz hərəkət və yuxululuq halları sükan arxasında həyati təhlükə yaradır.
Unutmayın: sükan arxasında bir anlıq yuxu - geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!” - məlumatda qeyd edilib.