CƏLİLABAD, 30 iyul. TELEQRAF
Cəlilabadda yanğın onlarla iri gövdəli ağacı yararsız hala salıb.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, köhnə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsinin kənarında yerləşən yaşıllıq zolağında bir neçə gün əvvəl ehtiyatsızlıq səbəbindən quru ot sahəsində yanğın baş verib.
Hadisə nəticəsində ərazidəki onlarla iri gövdəli ağac yanğının təsirinə məruz qalaraq yararsız hala düşüb.
Ən narahatedici məqam isə odur ki, yanğından sonra ömrünü başa vurmuş bu ağaclar küləkli günlərdə qırılaraq yolun hərəkət hissəsinə düşə bilər ki, bu da sürücülər üçün təhlükə yaradır. Hazırda ağacların ərazidən kənarlaşdırılması ilə bağlı hələlik konkret qərar verilməyib.