AZ

Jurnailstika üzrə keçirilən qabiliyyət imtahanında nəyə önəm verilir? -Vüqar Rəhimzadə AÇIQLADI

"Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.  Bu ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Daha sonra test imtahanının nəticəsindən asılı olaraq qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Nəticədə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyent bu ixtisas üzrə müsabiqədə iştirak edə bilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Bakı Slavyan Univeristetinin "Jurnalistika" kafedrasının müdiri, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə jurnalistika üzrə təhsil almaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının keçirilməsindən danışarkən bildirdi. Onun sözlərinə görə, Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan mövzular arasından 3 mövzu seçilir və abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazırlar:

"Gələcəyin jurnalistləri öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli, mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli, yazının tərkib hissələri arasında məntiqi rabitə yaratmalı və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməlidir. Eyni zamanda ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu, təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməlidir. Fikir və düşüncələrin anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə edilməsi, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan istifadə etməsi vacib amildir".

Müsahibimiz qeyd etdi ki, esselərin qiymətləndirilməsi zamanı  mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması, abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, fikirlərin aydın və anlaşıqlı ifadə olunmasına diqqət edilir.

"Yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi nəzərə alınır. İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə bilirlər.

Ümumiyyətlə, jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanının keçirilməsi müsbət yanaşmadır. Bu, həm jurnalistika sahəsinə marağın artması, həm də jurnalistlərin peşəkarlığının daha da yüksəlməsi istiqamətində uğurlu bir addımdır. Artıq rəqəmsallaşma dövründə yaşayırıq. Digər sahələr kimi jurnalistika da rəqəmsallaşır. Texnoloji imkanlardan yararlanma, araşdırma aparma imkanları mühüm əhəmiyyət kəsb edir. Qabiliyyət imtahanı daha istedadlı gənclərin bu sahəni seçməsini təmin edəcək", - deyə V. Rəhimzadə vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
18
1
redaktor.az

2Mənbələr