BAKI, 30 iyul. TELEQRAF
Dövlət Neft Fondunun (ARDNF) 2024-cü ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 75 ABŞ dolları nəzərdə tutulsa da, dünya bazarlarında "qara qızılın" bahalaşması xalis mədaxilin 79,7 ABŞ dollara yüksəlməsinə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrası haqqında rəyində qeyd olunub.
Məlumata görə, hesabat ilində xam neftin orta aylıq satış qiyməti 82,3 ABŞ dolları olub.
Neftin xalis orta satış qiymətinin proqnoza nisbətdə 4,7 ABŞ dollar olması Fondun büdcəsində profisit yaradıb. Hasilat və daxilolma göstəriciləri nəzərə alınmaqla mənfəət nefti və qazın satışından 6 741,99 milyon ABŞ dolları (11 461,4 milyon manat) gəlir əldə edilib. Eyni zamanda, Fondun vəsaitinin idarə olunması üzrə gəlirliliyi 6% səviyyəsində və ya əldə olunan gəlirlər 3 409 milyon ABŞ dolları (5 795,3 milyon manat) təşkil edib. Bütün bu amillər Fondun aktivlərinin həcminin artmasına gətirib çıxarıb.