“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Şelburn”u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək.
Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Futbolpress.az”a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:
“Qarabağ” haqda çox danışmaq istəmirəm. İlk oyunda 3:0 hesablı qələbə qazanıblar və “Şelburn”un onları üstələyə biləcək komanda olduğuna inanmıram. Bunun üçün keyfiyyətli futbolçuları da yoxdur. “Qarabağ”ın qələbə qazanacağını və oyununu daha da yaxşılaşdıracağını düşünürəm. Bu oyun həm də yeni transferlərin uyğunlaşması baxımından yaxşı olacaq”.
Sultanov komandanın növbəti mərhələdəki potensial rəqibləri “Şkendiya” və FCSB haqda danışdı. Bu komandaların ilk duelində “Şkendiya” minimal hesablı qələbə qazanıb. Mütəxəssis məğlubiyyətə baxmayaraq, rumınların növbəti mərhələyə daha yaxın olduğunu söylədi:
“Növbəti mərhələdə böyük ehtimalla rəqib FCSB olacaq. Rumınlar ilk oyunda məğlub olsalar da, yaxşı və baxımlı futbol oynayırlar. Onların mərhələ keçəcəyinə inanıram. FCSB “Şelburn”dan daha keyfiyyəti və təcrübəli komandadır”.
Şahin Cəfərov