AZ

Rusiya Trampın ultimatumunu nəzərə alacaq?

“ABŞ Prezidenti Donald Trampın Rusiyanın ticarət tərəfdaşlarına qarşı 10-12 gün ərzində 100%-lik tariflər tətbiq edəcəyi ilə bağlı son bəyanatı Rusiya-Ukrayna münaqişəsində və Rusiya-ABŞ münasibətlərində fərqli narrativlər yaradan ciddi bir addımdır”.

Bunu Modern.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, bu bəyanat Trampın əvvəlki 50 günlük müddəti əhəmiyyətli dərəcədə qısaltdığını göstərir ki, bu da Vaşinqtonun Moskva üzərində təzyiqi gücləndirmək istəyini əks etdirir:

“Tariflər Rusiyanın iqtisadiyyatına birbaşa təsir etməklə yanaşı Çin və Hindistan kimi Rusiyanın əsas ticarət tərəfdaşlarını da hədəfləyir, bu isə qlobal ticarət dinamikasında dalğalanma yarada bilər. Trampın strategiyası iqtisadi sanksiyalar vasitəsilə Rusiyanı Ukrayna ilə sülh danışıqlarına məcbur etmək məqsədi daşıyır, lakin bunun effektivliyi sual altındadır. Təəssüf ki, Rusiya sanksiyalara görə işğalçı siyasətində korrektələr etmir”.

O eyni zamanda qeyd edib ki, Rusiyanın Çindən artan asılılığı tariflərin effektivliyini zəiflədə bilər, çünki Pekində öz növbəsində geosiyasi maraqlarını qorumaq üçün Moskvaya dəstəyi davam etdirə bilər:

“Rusiya-ABŞ münasibətləri bu təhdidlə daha da pisləşə bilər, çünki Trampın “Öncə Amerika” siyasəti də iqtisadi təzyiqlərə fokuslanır. NATO-nun baş katibi Mark Ruttenin bu planı dəstəkləməsi ABŞ-ın Avropa müttəfiqlərini də bu strategiyaya cəlb etmək istədiyini göstərir. Lakin Avropa ölkələrinin Rusiya ilə ticarətə bağlılığı, xüsusilə enerji sektorunda, bu tariflərə qarşı müqavimət yarada bilər”. 

Qlobal ticarət zəncirlərində qeyri-müəyyənliyin artması və iqtisadi qütbləşmələrin dərinləşməsi məsələsinə toxunan politoloq vurğulayıb ki, Trampın bu addımı qlobal iqtisadiyyatda proteksionizmi gücləndirərək, Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə zidd hərəkət edə bilər:

“Rusiyanın cavab addımları, məsələn, enerji ixracını məhdudlaşdırması və ya digər ölkələrlə daha sıx ittifaq qurması vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Trampın bu bəyanatı Rusiya və onun ticarət tərəfdaşlarına qarşı tətbiq ediləcək 100%-lik tariflərlə bağlı açıqlaması, Ukrayna münaqişəsinin həllinə təzyiq göstərmək məqsədi daşısa da, bu addımın real təsiri sual altındadır. Görünən isə odur ki, Rusiyanın iqtisadi dayanıqlılığı və Çin kimi müttəfiqlərinin dəstəyi bu sanksiyaların effektivliyini azalda bilər”.

O həmçinin əlavə edib ki, Trampın qısaldılmış 10-12 günlük müddəti, danışıqlar üçün məhdud zaman pəncərəsi yaradır ki, bu da Rusiyanın mövqeyini sərtləşdirə bilər:

“ABŞ-ın bu strategiyası, Rusiyanı sülhə məcbur etməkdən daha çox qlobal ticarət müharibəsinə səbəb ola bilər, çünki Rusiyanın ticarət tərəfdaşları da bu tariflərdən zərər görəcək. Ukrayna üçün bu vəziyyət, ABŞ-ın dəstəyinə baxmayaraq, danışıqlarda daha çox güzəştə getmək riskini artırır. Nəticə etibarilə, Trampın bu siyasəti Rusiya-ABŞ münasibətlərində yeni gərginlik dalğası yaradacaq, lakin sülhə nail olmaqdan daha çox iqtisadi və geosiyasi qarşıdurmanı dərinləşdirə bilər”.

Siyasi şərhçi onu da diqqətə çatdırıb ki, Rusiyanın qlobal ticarət zəncirlərini manipulyasiya etməsi beynəlxalq iqtisadi əməkdaşlığı zədələyir və özünütəcridə məhkum edir: 

“Rusiyanın müharibəni maliyyələşdirmək üçün qeyri-qanuni yollara əl atması onun beynəlxalq sistemə zidd siyasətini bir daha sübut edir. Rusiyanın təcavüzkar davranışları Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ziddir və qlobal iqtisadi qütbləşməni gücləndirir. Ukrayna tərəfi isə bu təzyiqlərdən daha çətin vəziyyətə düşə bilər, çünki Rusiyanın danışıqlara hazır olmaması münaqişəni uzadır.

Rusiyanın beynəlxalq sanksiyalara qarşı hiyləgər taktikaları isə onun məsuliyyətsizlik reputasiyasını möhkəmləndirir. Nəticədə, Trampın tarif təhdidi Rusiyanın təcavüzkar siyasətlərinə qarşı əks tədbir olsa da, Moskvanın sərt mövqeyi sülhü çətinləşdirir və geosiyasi qarşıdurmanı dərinləşdirir”.

Seçilən
4
modern.az

1Mənbələr