Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması ilə Yaxın Şərqin enerji xəritəsi yenidən cızılır.
Turkustan.az xəbər verir ki, Dəməşq İran-Rusiya oxundan uzaqlaşdıqca və yeni tərəfdaşlıqlara doğru irəlilədikcə, Ankara enerji diplomatiyasında mərkəzi oyunçuya çevrilir. Bu strateji addım təkcə təbii qazın deyil, həm də regional siyasətin trayektoriyasını dəyişir.
2025-ci il avqustun 1-dən etibarən Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya çatdırılması ilə Yaxın Şərqin enerji geosiyasətində yeni dövr başlayır.
Türkiyə ərazisindən keçərək Kilis xətti ilə Suriyaya daşınacaq bu yük həm Suriyanın müharibədən dağıdılmış infrastrukturunun bərpası, həm də Azərbaycanın enerji diplomatiyasında təsirinin genişləndirilməsi baxımından kritik bir mərhələ kimi qiymətləndirilir.
İyulda Dəməşq və Bakı arasında imzalanmış anlaşma memorandumu bu prosesin institusional əsasını təşkil edib.
Suriyanın enerji ehtiyacını ödəmək üçün atılan bu addımın təkcə iqtisadi deyil, həm də siyasi nəticələri var.
Uzun müddətdir İran-Rusiya oxunda mövqe tutan Dəməşq hökuməti bu addımı ilə yeni regional enerji tərəfdaşlığının qapısını açır. Bu prosesdə Türkiyə tranzit ölkə olmaqdan kənara çıxır və enerji diplomatiyasında mərkəzi aktora çevrilir.
Aytən Yaşar/ Turkustan.az