AZ

Avstraliyada 16 yaşa qədər sosial media qadağası

Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, Avstraliyanın Rabitə naziri Anika Vells 16 yaşdan aşağı uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran və 2024-cü ilin noyabrında Senatdan keçən qanun layihəsi ilə bağlı açıqlama verib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, nazir bildirib ki, əvvəlki qərardan fərqli olaraq, 2025-ci ilin dekabr ayından qüvvəyə minəcək qanun çərçivəsində qadağaya Facebook, TikTok, Snapchat, Reddit, Instagram və X platformaları ilə yanaşı YouTube da daxil ediləcək. Anika Vells qeyd edib ki, Avstraliyalı uşaqların 40 faizi internetdə yaşadıqları zərəri YouTube üzərindən alır.

O bildirib:“Biz okeanı nəzarətdə saxlaya bilmərik, amma köpəkbalıqlarına nəzarət edə bilərik. Bu səbəbdən, Avstraliyalı uşaqların rifahı məsələsində ciddi mübarizə aparmaq tələb olunanda, hüquqi təhdidlər bizi qorxutmayacaq".

Baş nazir Entoni Albanese də məsələ ilə bağlı açıqlamasında qeyd edib ki,

“Digər liderlərlə apardığım danışıqlarda onların da öz ölkələrində gənclər üzərində sosial medianın təsirini araşdırdıqlarını və bu məsələni ciddi qəbul etdiklərini gördüm.”
O əlavə edib ki, bu, yalnız Avstraliyaya xas bir problem deyil.

Digər tərəfdən, YouTube-un rəsmi açıqlamasında bildirilib ki,

“Biz onlayn zərərin azaldılması və qarşısının alınması məsələsində hökumətlə eyni məqsədi bölüşürük. Lakin mövqeyimiz aydındır: YouTube, televizor ekranlarında getdikcə daha çox izlənilən, yüksək keyfiyyətli və pulsuz məzmun kitabxanasına sahib olan bir video paylaşım platformasıdır – sosial media deyil”.

Şirkət əlavə edib ki, bu qərarla bağlı növbəti addımlarını qiymətləndirəcək və hökumətlə əlaqədə qalacaq.

Yeni qanunla, 16 yaşdan aşağı şəxslərin sadalanan sosial media platformalarında hesab açması qadağan edilir.
Əgər Facebook, TikTok, Snapchat, Reddit, Instagram və X daxil olmaqla qlobal platformalar qanuna əməl etməsə, təxminən 33 milyon dollar cərimə ilə üzləşə bilərlər.

Bununla belə, WhatsApp da daxil olmaqla bəzi mesajlaşma tətbiqləri və onlayn oyun platformaları bu qanundan müstəsna ola bilər. Qanuna əməl etməyən uşaqlar və ya onların valideynləri üçün isə hər hansı bir cəza nəzərdə tutulmur.

Qeyd edək ki, əvvəllər YouTube-un bu qadağadan azad olacağı açıqlanmışdı.

Seçilən
18
azedu.az

1Mənbələr