Azərbaycanda yas mərasimlərində ehsan verilməsinin ləğvi tendensiyaya çevrilməkdədir.
Artıq ölkəboyu rayonlar bir-bir bu qərarı qəbul etməyə başlayıblar.
Bir zamanlar adət-ənənənin vacib tələbi kimi qəbul edilən bu süfrələr indi ictimai yükləri və sosial təzyiqləri ilə gündəmə gəlir.
Maraqlıdır, bu dəyişikliklər niyə mərkəzləşdirilmiş şəkildə deyil, mərhələli şəkildə baş verir?
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Cebheinfo.az”-a açıqlamasında deyib ki, yas mərasimlərində ehsan verilməsinin ləğvi hazırda mərhələli şəkildə getsə də, gələcəkdə bunun vahid şəkildə tətbiqi gözləniləndi:
“Uzun illər əhali arasında formalaşmış, yanlış da olsa, bir adət-ənənəyə çevrilmiş yas mərasimlərində təmtəraqlı ehsan verməyi tədricən aradan qaldırmaq daha məqsədəuyğundur.
Şübhəsiz ki, qərar qəbul edib bunu tam olaraq aradan qaldırmaq da mümkündür. Lakin maarifləndirmə və el ağsaqqallarının vasitəsi ilə ediləndə insanlar bunun zərərlərini anlayaraq, mahiyyətini bilərək bu yanlış ənənədən əl çəkirlər”.
İlahiyyatçı qeyd edib ki, yas mərasimlərində israfçılıq insanlar tərəfindən tədricən könüllü şəkildə aradan qaldırılır:
“Hələlik insanlar bölgələrdə öz istəyi ilə bundan imtina edir. Yas mərasimlərində dəbdəbəli ehsan süfrələri, israfçı məclislər əhalini çətinliyə salır, borca, kreditə, hətta sələm götürməyə məcbur edir. Cəmiyyətimizdə zərərli vərdişə çevrilmiş bu israfçılığın əslində nə dinlə, nə də milli adətlərlə əlaqəsi yoxdur”.