AZ

İstintaq altında olan abituriyentlər: “Məsuliyyət valideynin də üzərinə düşə bilər”

“Valideyn övladının cinayətə yol verdiyini bilərək susursa, bu da məsuliyyət yarada bilər”.

Bunu “Yeni Sabah”a “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib.

Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi bir daha bəyan edib ki, bir qrup abituriyent hazırda istintaq altındadır. pizza

Bundan əvvəl DTX ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkənin ifşa olunduğunu bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlayıb və bəzi abituriyentlərin nəticələri ləğv olunub.

Öz növbəsində, Şəmsəddin Əliyev qeyd edib ki, əgər bir abituriyent imtahana hər hansı gizli cihazla daxil olur və imtahanı hiylə yolu ilə keçməyə cəhd edirsə, bu, artıq sadə qayda pozuntusu deyil, hüquqi məsuliyyət doğuran əməldir:

“Bu hal milli təhlükəsizlik, dövlət sirri və ya ictimai asayişə toxunan məsələ ilə əlaqəlidirsə, cinayət xarakteri daşıya bilər”.

Hüquqşünas məsuliyyətin təkcə abituriyentin üzərində qalmadığını vurğulayıb:

“Konstitusiyada ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində göstərilir. Övladın tərbiyəsi valideynin borcudur. Əgər valideyn övladının belə bir hərəkətə yol verdiyini bilə-bilə müvafiq dövlət qurumlarına məlumat vermirsə, bu, törədilən və ya törədiləcək cinayətlə bağlı dövləti bilərəkdən məlumatlandırmama kimi dəyərləndirilə bilər”.

Şəmsəddin Əliyev təhsil müəssisələrinin də bu prosesdə ciddi məsuliyyət daşıdığını bildirib:

“İctimai təhlükə doğura biləcək istənilən hərəkətə qarşı həm ailə, həm məktəb, həm də dövlət birlikdə müdaxilə etməlidir. Əks halda, bu cür hallar təkcə fərdin deyil, bütövlükdə cəmiyyətin və dövlətin təhlükəsizliyinə zərbə vurur.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr