BAKI, TurkicWorld
Rusiyanın Uzaq Şərqində yerləşən Kamçatka sahillərində yeni və güclü zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
Maqnitudası 6.2 bal olan yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 198 kilometr şərqdə, 69 kilometr dərinlikdə baş verib.
Seysmoloqlar bu təkanı güclü zəlzələ kimi qiymətləndiriblər. Kamçatka sakinləri yeraltı təkanları hiss etdiklərini bildiriblər.
Rusiya Elmlər Akademiyasının mütəxəssisləri qeyd edirlər ki, əvvəlki güclü zəlzələnin afterşokları hələ də tam dayanmayıb. Bu isə bölgədə seysmik aktivliyin davam etdiyini göstərir.
Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) daha əvvəl Kamçatkada 7.5 bala qədər afterşokların mümkün olduğunu açıqlamış və əhalini ehtiyatlı olmağa çağırmışdı.
Xüsusilə, Avaça körfəzi və Sakit okean sahillərinə yaxın bölgələr, o cümlədən Xalaktyrsk çimərliyi, Anqliçanka buxtası, Prilivnoye gölü və Nikolskaya təpəsinin sahil zolağı ziyarət üçün təhlükəli elan edilib.
Hazırda xəsarət və dağıntılarla bağlı rəsmi məlumat verilməyib. Seysmoloji müşahidələr davam edir və əhaliyə sahilyanı ərazilərdən müvəqqəti uzaq durmaq tövsiyə olunur.