AZ

Gənc şair Samitin şeirləri

Gənc şair Samitin şeirləri


“QHT.az” gənc şair Samit Nuriyevin şeirlərini oxuculara təqdim edir.


Nuriyev Samit Şahlar oğlu 1987-ci ildə Masallı rayonunun Qodman kəndində anadan olub. 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsini bitirib. 2009-cu ildən şəhid Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbində müəllim işləyir.
Məktəb illərindən yaradıcılıqla məşğul olan Samitin şeirləri respublikanın qəzet, jurnal və almanaxlarında dərc edilib.  


RUHUN ƏKİZİ


Bu qədər uzağıq, bu qədər yaxın,
Səni unutmağa çatarmı vaxtım?
Dolum gözlərinə, qəlbinə axım,
Dilinin kəlməsi, hər sözü olum...


Üzümü görəndə üzün gülərsə,
Bu eşqin qoxusu sənə gələrsə...
Ömrünün gecəsi bir an dilərsə
Ömrünün günəşli gündüzü olum...


Vaxtı düz bölmədik, qalıq saxladıq,
Həsrəti ayıltdıq, oyaq saxladıq...
Dəmir qapıları bərk-bərk bağladıq,
Taxta qapınınmı əzizi olum?

Hicranın çəkisin ölçək,deyirsən -
Ən gözəl yuxusan, gerçək deyilsən.
Sən ki, öz ruhundan göyçək deyilsən,
Qoy sənin ruhunun əkizi olum...


SƏNİN GÜLÜŞLƏRİN


Siyah saçın yana düşər,
Od baxışın cana düşər.
Həzin-həzin, qana düşər
Sənin gülüşlərin...


Gah uzaqsan, gah da yaxın,
Arasında varın-yoxun...
Dolur içimə axın-axın
Sənin gülüşlərin...


İçimdədir səbr, dözüm,
Yola baxar sonsuz, gözüm.
İncə-incə, düzüm-düzüm
Sənin gülüşlərin...

Deməsəm də sözü sənə,
Ürək açır özü sənə...
Dayanma, gülümsənə...
Sənin gülüşlərin....


PƏNCƏRƏ


O pəncərə tozlu idi,
Sən yaz yağışıtək yudun o çirki...
Sən oldun bu təzə-tər ürəyimin
Arzusu, sevinci, kədəri, ilki...


O pəncərədə qaranlıq,
Sən gəldin-işığa büründü bil ki...
Sən ki, hiss etmədin bu çırpıntımı,
Gözlərim dalınca süründü bil ki...


O pəncərə sınmaq üzrə -
Vəhşi küləklərin içində təkdim,
Hopdun varlığıma bir an içində,
Səni ürəyimə, içimə çəkdim...


İndi pəncərəmdə sənin xəyalın...
İtməz ki, getməz ki, o iyin, qoxun...
Sən də düşündünmü qara gözləri?
Barı xəyalında üzümə toxun...


BİR ŞƏKİL 


Bir şəklin sehrinə düşüb
 Tutub əlimdə saxlaram... 
Baxışları ürəyimə
Çilənəcək aram-aram... 


Bir şəklin sehrinə düşüb 
Titrəyəcək barmaqlar da... 
Qəlbimdəki həyəcanlar 
Əksin tapar varaqlarda... 


Bir şəklin sehrinə düşüb
 Qərq olaram min sevincə... 
Təbəssümü saçılacaq
 Həzin-həzin, incə-incə... 


Bir şəklin sehrinə düşüb
Məsafələr qısalacaq... 
Sevinc-kədər göz yaşları
Kipriyimdən asılacaq...
 

Bir şəklin sehrinə düşüb 
Əllərini duya bilsəm... 
Ay həyatımın sultanı 
Gözlərindən doya bilsəm,
 Sonra rahat olub ölsəm...

 

SƏNDƏN UZAQLARDA
 

Səndən uzaqlarda daha yaxşıyam -
Səndən uzaqlarda daha yaxınsan...
Gəl danışım sənə sənsiz anları -
Gəl mənim ruhuma otur yaxın sən.

 
Göylərdə izləyib xoş xəyalını,
Fikirlər içində yarışaram mən.
Hər gecə yuxumda qonaq kimisən,
Hər səhər yuxumu danışaram mən.

 
Bu sonsuz səmada süzmək istərəm,
Həsrət qanad qırar, düşürər məni.
Bu isti havanın, bu isti günün
İsti şüası da üşüdər məni.


Səndən uzaqlarda daha yaxşıyam -
Sevincin, kədərin fərqi olmaz ki...
Sənə ha danışım sənsiz günləri -
"Quyuya ha su tök, quyu dolmaz ki"...
 

BALACA KAĞIZ


Bir kağız parçası səndən yadigar -
Balaca-əl içi boyda...
Neçə-neçə rəng var o kağız parçasında -
Taleyin kimi rəngbərəng...
Qoxunu içimə çəkdim o kağızdan,
Balaca bir təyyarə bükdüm o kağızdan...
Sənə çatar deyə, sənə uçar deyə...
Amma həsrət küləkləri onu geri gətirdi,
Uça bilmədi o təyyarə,
Sığdırdı məni sənsizlik boyda bir dairəyə...

 

SƏNƏ BİR AZ SƏNDƏN DEYİM


Sənə bir az səndən deyim -
Gözlərində səssiz kədər,
Azca, həzin təbəssümün
Zərif olar sənin qədər...


Sənə bir az səndən deyim -
Yanaqların Ay parçası...
Səni qələm yaza bilməz,
Çəkməz rəssamın fırçası...


Sənə bir az səndən deyim-
Ürəyində kin olmaz ki...
Sənlə keçən yuxularım
Sabah-sabah çin olmaz ki...


Sənə bir az səndən deyim -
Hər zərrəndə bir işıq var,
Cismin cazibəsi heçdir -
Ruhunda da yaraşıq var!


Sənə bir az səndən deyim -
Ya danışım ürəyinlə...
Gözlərimlə dediyimi
Şirin nəğmə kimi dinlə...

Seçilən
35
qht.az

1Mənbələr