AZ

Suriya avqustun 2-dən etibarən hər gün 3,4 milyon kubmetr Azərbaycan qazı alacaq

Suriya avqustun 2-dən etibarən gündəlik Azərbaycandan 3,4 milyon kubmetr təbii qaz alacaq.

FED.az xəbər verir ki, bu barədə Suriyanın “Sana” agentliyi bu ölkənin energetika naziri Məhəmməd əl-Bəşirə istinadən məlumat yayıb.

“Nazir təsdiq edib ki, avqustun 2-dən etibarən Suriya Türkiyə ərazisilə Azərbaycandan 3,4 milyon kubmetr qaz alacaq. Bu isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal edəcək", - məlumatda bildirilib.

Nazir vurğulayıb ki, bu addım elektrik şəbəkəsinin sabitliyinin artırılmasına kömək edəcək.

O qeyd edib ki, Suriya hökuməti enerji ehtiyaclarını təmin etmək üçün milli plan çərçivəsində bu tədbirlərin həyata keçirilməsini izləyir.

***

Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya tədarükü avqustun 2-də başlayacaq.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

"Avqustun 2-də Kilis vasitəsilə Azərbaycandan Hələbə təbii qaz ixracına başlayacağıq. Bu tədarükləri həyata keçirmək üçün biz Azərbaycanla svop sazişi bağladıq", - nazir qeyd edib.

Onun sözlərinə görə, Türkiyə ərazisində Suriya sərhədinə qədər qaz kəmərinin çəkilməsi ilə bağlı işlər qısa müddətdə başa çatdırılıb: “Suriya tərəfində də qazın qəbulu üçün bütün zəruri tədbirlər tamamlanıb. Layihənin maliyyələşdirilməsini Qətər təmin edib”.

Tədarüklərin başlanmasına həsr olunmuş mərasimdə Qətər və Suriyanın energetika nazirləri iştirak edəcəklər.

"Türkiyə vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq", - A.Bayraktar vurğulayıb.

Nazir əlavə edib ki, Türkiyədən Suriyaya gündəlik 6 milyon kubmetr həcmində planlaşdırılan qaz tədarükü 1 200 MVt-a qədər elektrik enerjisi istehsalını təmin edəcək: "Türkiyədən əlavə 500 MVt elektrik enerjisi tədarükü nəzərə alınmaqla, Suriyada elektrik təchizatı saatlarının ümumi sayı hazırkı 3-4 saatdan sutkada 10 saata qədər artacaq". (Report)

Seçilən
6
7
fed.az

10Mənbələr