Elm və Təhsil Nazirliyinin birgə layihələr icra etdiyi tərəfdaş qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə iştirak edən QHT nümayəndələri tərəfdaşlıq çərçivəsində həyata keçirdikləri layihələrlə bağlı qısa təqdimatlarla çıxış ediblər. Təqdimatlarda layihələrin məqsədi, əldə olunan nəticələr, sosial təsir, uzunmüddətli dayanıqlılıq və kommunikasiya fəaliyyətləri kimi əsas məqamlar diqqətə çatdırılıb.
Görüşdə qeyri-hökumət təşkilatlarının məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, peşə təhsilinin təşkili və təlim-tədris prosesinin qurulması, ali təhsildə əlçatanlığın, keyfiyyət və beynəlxalq rəqabətliliyin təmin edilməsi, ömürboyu təhsil sisteminin gücləndirilməsi, distant təhsil imkanlarının genişləndirilməsi istiqamətində ictimai fəallığın dəstəklənməsi mövzularını əhatə edən layihələrinin əhəmiyyəti, səmərəliliyi, layihələrin davamlılığının təmin edilməsi üçün ictimaiyyətə daha geniş tanıdılması istiqamətlərində fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin müxtəlif təşkilatların uğurlu təcrübələri paylaşılıb, gələcək əməkdaşlıq perspektivləri və bu sahədə effektiv kommunikasiya vasitələrinin rolu geniş şəkildə müzakirə olunub.
Elm və Təhsil Nazirliyi qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın gücləndirilməsini və təhsil sahəsində ictimai iştirakçılığın artırılmasını prioritet istiqamətlərdən biri kimi dəyərləndirir.