Azərbaycan boksçuları Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən Avropa birinciliyində daha çox qızıl medal qazana bilərdi.
Bunu “Report”a açıqlamasında Azərbaycanın kadetlərdən ibarət yığmasının böyük məşqçisi Vüqar Məmmədov deyib.
“Avropa birinciliyində oğlanların mübarizəsində 16 boksçu ilə iştirak edirdik. Onlardan 15-i medalçılar sırasına düşdü. Yalnız bir boksçumuz medalsız qaldı. Ümumilikdə 3 qızıl, 6 gümüş və 6 bürünc medal qazandıq. Komandanın çıxışı, hazırlığı çox yaxşı və göz qabağında idi. Ruslarla birincilik uğrunda mübarizə aparırdıq. Çoxlu haqsızlıqlarla üzləşdik. Buna baxmayaraq, qızıl medallar qazandıq. Əslində qızıl medallarımızın sayı daha çox olmalı idi. Təəssüf ki, haqsızlıqlar buna imkan vermədi. Ümumilikdə komandadan razıyıq. 21 ölkə arasında ikinci yeri tutduq”.
Qeyd edək ki, Azərbaycan boksçuları Avropa birinciliyini ümumilikdə 3 qızıl, 10 gümüş və 9 bürünc medalla bitiriblər.