AZ

"Müstəqil proqramlar universitetləri əmək bazarına uyğun məzunlar yetişdirməyə sövq edə bilər"

Ali təhsil müəssisələrinin təhsil proqramları ilə bağlı verilən təkliflərdən biri də hər universitetin özünün təhsil proqramını yaratmasıdır.

Redaktor.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, universitetlərin ali təhsil proqramlarını formalaşdırmaqda müəyyən müstəqilliyə sahib olmaları əslində təhsilin keyfiyyətinə və rəqabətliliyinə müsbət təsir göstərə bilər.

"Lakin bu proses təkcə “hər universitet özü qərar versin” yanaşması ilə deyil, müəyyən normativ çərçivələr və keyfiyyət standartları daxilində həyata keçirilməlidir.

Təhsilin inkişafı baxımından universitetlərə akademik sərbəstlik vermək yəni təhsil proqramlarının məzmununu əmək bazarının dəyişən tələblərinə, elmi-texniki inkişaflara, regionun sosial-iqtisadi xüsusiyyətlərinə uyğunlaşdırmaq imkanı ali təhsilin canlı və çevik qalmasına səbəb olur. Bu, eyni zamanda universitetlər arasında sağlam rəqabət yaradır, onları yeni metodologiyalar, innovativ yanaşmalar tətbiq etməyə təşviq edir.

Ancaq burada əsas şərt budur. Bu müstəqillik vahid milli təhsil standartları və keyfiyyət təminatı sisteminə zidd olmamalıdır. Yəni ölkədə ali təhsilin minimum standartları, təhsil nəticələri və kvalifikasiya çərçivələri aydın şəkildə müəyyən edilməli, universitetlərin isə bu çərçivə daxilində öz proqramlarını zənginləşdirmək, ixtisaslaşdırmaq və yeniləmək hüququ olmalıdır".

Müsahibimiz bildirdi ki, əgər bu balans qorunarsa, həm təhsil müəssisələrinin akademik azadlığı təmin olunar, həm də ümumi təhsil məkanı sistemli və keyfiyyətli şəkildə inkişaf edər.

"Digər tərəfdən, müstəqil proqramlar universitetləri daha çox əmək bazarına uyğun məzunlar yetişdirməyə sövq edə bilər. Xüsusilə, texnologiya, mühəndislik, biznes və səhiyyə sahələrində əmək bazarının çevikliyi universitetlərdən tez reaksiya tələb edir. Mərkəzləşdirilmiş və yavaş yenilənən proqramlarla buna nail olmaq çətindir.

Yekunda belə deyə bilərik ki, universitetlərə proqramların formalaşdırılmasında müstəqillik vermək təhsilin keyfiyyətinə və rəqabət qabiliyyətinə müsbət təsir edə bilər, amma bu müstəqillik tənzimlənən və strateji yanaşma ilə həyata keçirilməlidir. Əks halda, sistemsizlik və keyfiyyət fərqliliyi ortaya çıxa bilər", - deyə Əmrah Həsənli əlavə etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
21
redaktor.az

1Mənbələr