“ABŞ və Hindistan uzun müddətdir gözlənilən ticarət razılaşmasını yaxın zamanda imzalamasa, Hindistandan idxal olunan məhsullara 25%-ə qədər tarif tətbiq edilə bilər”.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp Hindistanı dost adlandırsa da, ABŞ-nin bu ölkə ilə olan ticarət balansından narazı qaldığını bildirib: “Hindistanla dostluq əlaqələrimiz var, amma onlarla ticarət münasibətimiz çox çətindir. Bu məsələ ilə bağlı Hindistanla daha çox danışıqlara ehtiyac var. Görək onlar nə qədər iddialıdırlar”.
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, ötən il ölkə Hindistandan 87 milyard dollar dəyərində məhsul idxal edib, Hindistan isə ABŞ-dən 42 milyard dollarlıq məhsul alıb. ABŞ-nin Hindistandan idxal etdiyi əsas məhsullar arasında dərman preparatları, rabitə avadanlıqları və geyim yer alır.
Qeyd edək ki, bu ilin mayında D.Tramp iddia etmişdi ki, Hindistan ABŞ məhsullarına sıfır tarif tətbiq etməyə razılaşıb. Lakin Hindistan bu iddianı dərhal təkzib etmiş və Trampın bəzi açıqlamalarını “həqiqətə uyğun olmayan” adlandırmışdı.