Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Kamçatka yarımadasında son onilliyin ən güclü zəlzələlərindən biri – 8.8 bal gücündə təbii fəlakət baş verib. Bu zəlzələ təkcə regionda deyil, Yaponiya, Alyaska və Havay adalarında da sunami təhlükəsi yaradıb.
Bir çox ekspertlər hadisənin yalnız təbii proses kimi deyil, həm də siyasi və elmi aspektlərindən də diqqətlə qiymətləndirilməsinin vacib olduğunu bildirirlər. Zəlzələnin iqtisadi, sosial vəziyyətlə yanaşı, siyasi sferaya da müəyyən təsirlərinin olacağı güman edilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, baş verən təbii hadisələrə yalnız səthi yanaşmaq düzgün deyil:
“Bu cür hadisələrin elmi aspektləri də araşdırılmalıdır. Kamçatka yarımadasında baş verən 8.8 bal gücündə zəlzələ müəyyən suallar doğurur. Bəli, bir çoxları bu hadisəni təbii proseslər və sunami kontekstində izah edir. Lakin iqlim silahlarının işə salınması, süni müdaxilə ehtimalı da diqqət mərkəzindədir.
İqlimə süni təsirin mümkün olduğu artıq məlumdur – süni yağışın yaradılması, quraqlığın təşkili və oxşar müdaxilələr texnoloji baxımdan həyata keçirilə bilir. Hətta zəlzələlərin stimullaşdırılması da nəzəri baxımdan mümkündür. ABŞ-ın HAARP proqramına nəzər yetirdikdə iqlimə təsir potensialı haqqında müəyyən nəticələr çıxarmaq olar. Bu kimi texnologiyaların ciddi təsir gücünə malik olduğu qeyd edilir”.
Ekspertin sözlərinə görə, zəlzələlərin təbii səbəbləri elmi cəhətdən izah edilsə də, bəzi hallarda bu hadisələrin geosiyasi proseslərlə üst-üstə düşməsi diqqət çəkir:
“Qasırğa, daşqın və quraqlıq kimi hadisələrin əsasən Yaponiya, Çin və Rusiyaya ciddi ziyan vurması da bu kontekstdə maraq doğurur.
Əziz Əlibəyli
Kimyəvi və geofiziki silahlar beynəlxalq konvensiyalarla qadağan edilsə də, onların zəlzələ və sunami kimi fəlakətləri törətmək üçün yetərincə gücə malik olduğu iddia olunur. Hazırda süni zəlzələnin yaradılmadığını sübut etmək o qədər də asan deyil. Yer altında aparılan nüvə sınaqları da burada önəmli rol oynaya bilər. Ümumilikdə məsələ əsasən istifadə olunan texnologiyanın gücü ilə bağlıdır”.