Təbriz VƏFALI
Yaxşı xatırlayıram, mən uşaqikən kəndimizdə toy mərasimlərinin keçirilməsi üçün “palatka”lar, çadırlı mağarlar qurulardı. Səhər çağı mağarın açılışı olardı, oynamaq, yeyib-içmək məclisi saat 19:00-dək davam edərdi.
Həmin vaxtlarda hər kəs tamadalıq edə bilməzdi. Tamada mütləq toy adət-ənənəsini, poeziyanı, xalq yaradıclığını, folkloru əzbər bilməli, şeiri intonasiya ilə deməli idi. Çünki məclis əhlindən bəziləri tamadaya “zakaz” verirdilər ki, bəhmənkəs şairin filan şeirini de. Tamadanın hünəri nə idi həmin şeiri bilməsin.
Yaxud, tamada “Qız bəyənmə”dən, “Qızgördü”dən, qız evinə “Xəbər göndərmə”dən, “Elçilik”dən, “Nişan”dan, “Toy güsgüsü”ndən, “Xonça gətirmə”dən, “Bayramlıq”dan, “Danışıgagəlmə”dən, “Cehiz”dən, “Kəlləqənd”dən, “Paltarbiçdi”dən, “Xınayaxdı”dan, “Toy dəvətnaməsi”ndən”, “Gəlinlik paltarı”ndan, “Gəlinbəzəmə”dən, “Bəylik papağı”ndan, “Bəylik paltarı”ndan, “Qız toyu”ndan, “Yolkəsdi”dən, “Gəlin aparma”dan tutmuş “Oğlan toyu”nadək bütün adət-ənənələri incəliyinə kimi bilməsə və söyləməyi bacarmasa, toylarımızda qırğın qopardı. Məclis əhli tamadanın başına min oyun açardı.
Kəndimizdə dünyasını dəyişən şəxslərn ailə üzvləri, yaxınları həmişə yas məclislərinin aparılması üçün savadlı, dini bilgilərə sahib, dünyagörmüş mollalar çağırardılar. Çünki dəfn mərasimi bitdikdən sonra mollalar yas məclisinə toplaşanlara İslam dinindən danışmalı, müqəddəs dini kitabımız olan “Qurani-Kərim”in hikmətini açmalı, ayələri, kəlamları izah etməli, bir sözlə, məclis əhlinin dərdini yüngülləşdirməli və onların mənəvi rahatlıq tapmalarına dəstək olmalı idi. Həmin dövrlərdə mollalara dini suallar verən və cavablarını gözləyənlər də çox idi.
Son illərdə isə bəzi müasir mollalarımız yas məclislərində sadəcə “Qurani-Kərim”dən bəzi ayələri ərəbcə oxuyur, məclis əhli ehsan yediyi vaxtlarda telefonda “iqra” oynayır, vatsapda danışır, sosial şəbəkələrdəki videoları izləyir və sair. Maraqlı söhbətin edilməməsindən canı sıxılan, ərəbcə oxunan ayələri başa düşməyən məclis əhli isə ehsanı yedikdən dərhal sonra mollanın “Fatihə surəsi”ni oxumasını səbirsizliklə və dörd gözlə gözləyirlər.
Bu işdə babalı müasir mollalarımızın və tamadalarımızın boynuna…
MİA.AZ