"Valideyn olmaq o haqqı vermir ki, övladının həyatını "dustaq" halına çevirsin "
Son günlərin aktual mövzularından biri sayılan Ağdaşda 23 yaşlı oğlanın toyuna sayılı günlər qalmış canına qıymasıdır ki, hadisə həm cəmiyyətdə, həm də sosial media seqmentində geniş müzakirəyə yol açıb.
Psixoloq Gövhər Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, bu kimi hadisələr bizim üçün çox üzücüdür, lakin məsələdə tam olaraq kimisə müqəssir adlandırmaq, fikrimcə, doğru olmaz:
“Çünki biz o ailənin yaşantısını, evin için baş verənləri, vəfat etmiş gəncin öz daxilində nələr düşünüb, nələr yaşadığından xəbərsizik. Ümumi baxış açımızdan nəzər yetirsək bir insan intihar həddinə çatıbsa, demək ki bu yeni yaranmış hadisə deyil. Bir müddətdir ki, onu narahat edən, sıxan, incidən nələrsə davam edirmiş və artıq heç bir çarə tapa bilmədiyini düşünüb özünü bu hadisələrdən qurtarmaq üçün intiharı seçib. Yaxşı olar ki, valideynlər hər yaşda övladlarına qayğı və diqqətlə yanaşsınlar, həyatları ilə yaxından maraqlanıb əgər lazımdırsa vaxtında müdaxilə etsinlər, şəxsi həyatlarına, qərarlarına hörmət etsinlər. Valideyn olmaq o haqqı vermir ki, övladının həyatını "dustaq" halına çevirsin. Hər uşaq, böyük, gənc, qoca ayrılıqda bir fərddir, şəxsiyyətdir”.
Leyla Turan
Demokrat.az