AZ

Kreml Qusmanla Markovun Şuşa Forumunda iştirakını “xəyanət” adlandırdı...


Bəhruz Quliyev: “Solovyovun “xəyanət” ritorikası təkcə gülünc deyil, həm də panik vəziyyətin əlamətidir”

Şuşada olmaq, rus jurnalistlərin taleyini soruşmamaq sadəcə alçaqlıq deyil, artıq xəyanətin astanasıdır.

Bunu Kreml təbliğatçısı Vladimir Solovyov “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin canlı yayımında TASS-ın keçmiş baş direktor müavini Mixail Qusmanın və politoloq Sergey Markovun Şuşaya səfəri haqda danışarkən deyib.

“İki nəfər alçaqlığa yol verdi. Jurnalist soydaşlarımızın Azərbaycan həbsxanalarında olduğu bir vaxtda Azərbaycan tərəfinin şəxsi dəvəti ilə Rusiyanın iki vətəndaşı - onlardan biri bu yaxınlaradək yüksək vəzifə tutub - Şuşaya gedib. Onlar həmkarlarımızın taleyi ilə bağlı sual verməyi özlərinə sığışdırmadılar. Amma tərif yağdırmağı özlərinə rəva bildilər. Bu, təkcə peşəkarlıq deyil, həm də insan alçaqlığının təzahürüdür. Onlardan biri xoşbəxtlikdən təqaüdə çıxdı. İkincisi, ümid edirəm, Markov, bir daha heç vaxt Rusiyanın heç bir media orqanına dəvət olunmayacaq. Orada olub həmkarlarımızın, həmvətənlərimizin taleyini soruşmamaq sadəcə alçaqlıq deyil, artıq xəyanətin astanasıdır” – Solovyov bildirib.

Bütün bunlar rəsmən sübut edir ki, Rusiya hakimiyyəti onların Şuşada iştirakını həzm edə bilmir.

“Bu, Rusiya mətbuatının və Kreml təbliğat maşınının iç üzünü bir daha üzə çıxarır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, bütün bunlar Rusiya mətbuatının və Kreml təbliğat maşınının iç üzünü bir daha üzə çıxarır: “Əvvəlcə qeyd edim ki, Vladimir Solovyovun bu cür ritorikası, anti-Azərbaycan mövqeyi bizə çoxdan bəllidir. Onun növbəti dəfə emosional çıxışı, əslində, Rusiya mətbuatının və Kreml təbliğat maşınının iç üzünü bir daha üzə çıxarır. “Şuşada olmaq xəyanətdir” deyən Solovyov və onun kimilər, görünür, hələ də reallıqla barışmaqda çətinlik çəkirlər. Çünki artıq təkcə Azərbaycan deyil, regionun siyasi və informasiya gündəmini diqtə edən mərkəz məhz Bakıdır, Şuşadır. TASS-ın keçmiş rəhbəri Mixail Qusman və politoloq Sergey Markovun Şuşaya səfəri onların peşəkar və geosiyasi gerçəkliyi qəbul edən şəxslər olduğunu göstərir. Onlar tərif dedilərsə, bu, Azərbaycanın yerində və ağıllı informasiya siyasətinin nəticəsidir. Yəni Azərbaycan öz sözünü deyə bilir və artıq susmaq, barışmaq dövrü arxada qalıb. Solovyovun “xəyanət” ritorikası isə təkcə gülünc deyil, həm də panik vəziyyətin əlamətidir. Çünki o yaxşı anlayır: Şuşada keçirilən forumlar, beynəlxalq səfərlər, informasiya açılımları Rusiya mətbuatının manipulyasiya imkanlarını zəiflədir. Və görünür, bu manipulyatorlar nəinki Azərbaycanın gücünü, hətta öz ölkələrinin nüfuzlu fiqurlarının da obyektivliyini qəbul edə bilmirlər. Hesab edirəm ki, burada əsas məsələ Rusiyada yaranmış daxili narahatlıqdır. Azərbaycanı və onun müstəqil media siyasətini qəbul edə bilməyənlər, Şuşanı hələ də siyasi metafora yox, “mübahisəli zona” kimi görənlər üçün hər addım zərbədir. Ancaq unutmaq olmaz: bu artıq başqa dövrdür. Şuşaya gələn hər kəs bilir ki, o, Azərbaycanın ayrılmaz hissəsinə, sülhün və quruculuğun simvoluna gəlir. Orada iştirak edən hər bir şəxs, istər jurnalist olsun, istər politoloq, bunu qəbul edirsə - bu artıq diplomatik və informasiya uğurumuzdur. Kim bunu “xəyanət” adlandırırsa, o, sadəcə tarixi dəyişiklikləri qəbul edə bilməyənlərin səviyyəsində qalır”.

Vidadi ORDAHALLI

Seçilən
42
baki-xeber.com

1Mənbələr