“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
“Şlyapa Zahid”in vəkili Əli Adıgözəlov yekun çıxışında yenə Azərbaycan Ordusunun sabiq baş qərargah rəisindən söz açıb. Vəkil müvəkkilinin onunla əlaqəsinə görə cinayət məsuliyyətinə cəlb edildiyini deyib:
“Zahid Niftəliyev Nəcməddin Sadıkovla birinci Qarabağ müharibəsində birlikdə döyüşüb.
Müharibədən sonra da dostluqları davam edib, birlikdə işləyiblər. Sadıkov isə bundan istifadə edib, onun adına olan şirkətdən istifadə edib. Burada mərhum nazir Fazil Məmmədovun da rolu olub.
Onun tapşırığı ilə “Şahin-Co”ya pul köçürülüb. Çox təəssüf olsun ki, bu işdə əsas fiqur olan Nəcməddin Sadıkovu dindirə bilmədik. Ondan soruşa bilmədik ki, sən bu Zahidi banka niyə göndərmişdin? Bu səbəbdən də çoxsaylı suallarımız üstü bağlı qaldı. Ədalətli araşdırma üçün Sadıkov məhkəmə qarşısında sorğulanmalı idi”.
Vəkil çıxışının yekununda, Zahid Niftəliyev isə son sözündə bəraət istəyib.
Hakimlər belə qənaətə gəlib ki, Zahid Niftəliyevə külli miqdarda mənimsəmə və məhkəmə qərarını icra etməmə maddələri ilə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
Hökmə əsasən Z.Niftəliyevə əvvəlki cəzası ilə (8 il 6 ay azadlıqdan məhrum etmə-red.) birləşdirilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Cəzanın çəkilmə yeri kimi ümumi rejimli müəssisə seçilib.
“AtaBank” tərəfindən qaldırılmış mülki iddia isə baxılmamış saxlanılıb.
Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəldə də, indiki cinayətində də Azərbaycan Ordusunun sabiq qərargah rəisi Nəcməddin Sadıkovu ittiham edib. Onun tapşırığı ilə sonradan qanunsuz olduğunu bildiyi işləri görüb.
Sail Ağasəlim