Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Z.Niftəliyevin vəkili çıxış edib.
O, təqsirləndirilənə ittiham olunduğu hər iki maddə üzrə baraət verilməsini xahiş edib.
Zahid Niftəliyev son sözlə çıxış edərək məhkəmədən bəraət istəyib.
Məhkəmədə hökm oxunub.
Hökmə əsasən, Zahid Niftəliyev 2 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Ona təyin olunmuş əvvəlki hökm qismən toplanılaraq Zahid Niftəliyevə qəti olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “AtaBank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.