Müasir dövrdə insanların qidalanma vərdişləri və həyat tərzi dəyişdikcə, orqanizmin ehtiyac duyduğu bəzi maddələrin gündəlik rasionla tam şəkildə təmin olunması çətinləşir. Bu səbəbdən qida əlavələrinin istifadəsi getdikcə daha geniş vüsət alır.
Qida əlavələri bədəni gücləndirirmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirdi ki, qida əlavələri ilə bağlı fikirlər çoxdur:
"Bəziləri onları "möcüzəvi", bəziləri isə "gərəksiz" hesab edir. Gerçəklik isə ikisinin ortasındadır. Qida əlavələri bədəni gücləndirirmi? Bəli. Lakin müəyyən şərtlərlə qida əlavələri faydalı ola bilər. Məsələn, D vitamini, dəmir, B12, fol turşusu, kalsium çatışmazlığı varsa, bu əlavələr ciddi şəkildə kömək edə bilər. Balıq yağı (omega-3) ürək sağlamlığına və iltihabın azaldılmasına kömək edə bilər. Xüsusi dövrlərdə də istifadə oluna bilər. Hamiləlik dövründə fol turşusu, dəmir, kalsium mühümdür. Vegeterian və ya veganlar üçün B12, dəmir, sink, omega-3 əlavələri lazım ola bilər. Uzunmüddətli stres, ağır məşqlər və ya xəstəlik sonrası dövrdə bəzən dəstək verə bilər".
Qida ekspertinin sözlərinə görə, yaşlı insanlar və xroniki xəstəliyi olan insanlar da qida əlavələrindən istifadə edə bilərlər.
"Bədəndə udulma qabiliyyəti azalırsa, əlavə vitaminlər orqanizmin funksiyalarını dəstəkləyə bilər. Lakin ehtiyac olmadan qida əlavələri təsirsiz ola bilər və ya ziyanlı da ola bilər. Məsələn, yüksək dozalarda A vitamini və ya dəmir qəbul etmək qaraciyər və ya digər orqanlara ziyan vura bilər. Bəzi əlavələr (xüsusilə bitki mənşəli olanlar) dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Əgər sağlam və balanslı qidalanırsansa, çox vaxt əlavə qəbul etməyə ehtiyac yoxdur. Əlavələr "əlavə" olaraq qalmalıdır, əsas mənbə təbii və balanslı qidalanma olmalıdır. Qida əlavələri dərman deyil, xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmur. Əlavə qəbul etməzdən öncə qan analizləri vermək və mütəxəssis məsləhəti almaq ən düzgün yoldur", - deyə F.Səfərov vurğuladı.
Aytəkin TOFİQQIZI