Antalyanın Manavgat rayonunda heyvanat parkından qaçan “Zeus” adlı aslanın hücumu nəticəsində yaralanan 53 yaşlı Süleyman Kır müalicədən sonra evə buraxılıb. O, hələ də hadisənin şokunu yaşadığını və gecələr yuxularında aslanla mübarizə etdiyini deyir.
Sherg.az xəbər verir ki, Süleyman Kır aslanın öldürülməsinə təəssüflənərək bildirib: “Bu hadisədə günahsız yalnız mən və aslandır. Əsas məsuliyyət parkı quran, icazə verən və nəzarət edənlərdədir”.
Tarlası heyvanat parkına yaxın yerləşən Süleyman Kır əlavə edib ki, işçilər qorxudan tarlaya getmir, uşaqları belə təşviş içindədir. Həyat yoldaşı psixoloji müalicə alır.
Qeyd edək ki, 6 iyul gecəsi “Zeus” adlı aslan parkdan qaçaraq tarlada çalışan Süleyman Kıra hücum edib. Yaralanan Kır xəstəxanaya çatdırılıb, aslan isə meşəlik ərazidə zərərsizləşdirilib. Hadisədən sonra heyvanat parkı bağlanıb, sahibinə qarşı araşdırma aparılıb.