İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində - "2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq: Beynəlxalq əməkdaşlıq üçün hansı yeni imkanlar mövcuddur?" mövzusunda keçirilən panel müzakirəsində çıxış edib.
Bu barədə Milli.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Parlamentin spikeri çıxışında deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi ilə bağlı ciddi narahatlıqlar hələ də qalmaqdadır. Keçmiş təcrübələr göstərir ki, həm milli, həm də beynəlxalq səviyyədə hərtərəfli yanaşma zəruridir.
Qeyd olunub ki, Azərbaycan Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə böyük əhəmiyyət verir və onun icrası istiqamətində mühüm irəliləyişlər əldə edib. Artıq BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna dörd Könüllü Milli Hesabat təqdim olunub. Hökumətimiz 50-dən çox dövlət proqramını, milli inkişaf planlarını və strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırıb.
Ölkəmizin azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi, eləcə də, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını nəzərdə tutan "Böyük Qayıdış" proqramının həyata keçirilməsi DİM-lərin uğurla reallaşdırılmasına mühüm töhfə verir. Aparılan yenidənqurma işləri ilə yanaşı, bu ərazilərdə bu gün artıq əlli mindən çox insan yaşayır, işləyir və təhsil alır.
Spiker Sahibə Qafarova bildirib ki, azad edilmiş ərazilərin minalarla çirklənməsi bu ərazilərin inkişafı üçün əsas maneə olaraq qalır. Məhz buna görə də Azərbaycan "Təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər"i özünün 18-ci milli DİM-i kimi qəbul edib. Həmçinin, bu məqsədin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təsis olunması da təklif edilib.
Cari ilin may ayında Azərbaycan Respublikasının Prezidenti 2027-2030-cu illər üzrə yeni inkişaf strategiyasının və "İkinci Böyük Qayıdış Proqramı"nın hazırlanması ilə bağlı sərəncam imzalayıb. Bu sənədlərin icrası DİM-lərin həyata keçirilməsinə daha böyük töhfələr verəcək.
Bildirilib ki, Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin vaxtında və səmərəli icrası, həmçinin səylərin birləşdirilməsindən və bir-birimizin inkişafına dəstək verməyimizdən asılıdır.
Milli Məclisin sədri deyib ki, son beş il ərzində 140-dan çox ölkəyə göstərilmiş 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım, Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin bariz nümunəsidir. 2018-ci ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin tələbələrinə tam ali təhsil təqaüdləri təqdim edir. Keçən il Azərbaycanda keçirilmiş COP29-un əhəmiyyətli və real nəticələri, şübhəsiz ki, DİM-lərin hərtərəfli reallaşmasına müsbət təsir göstərəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)