AZ

Avropa Azərbaycan Mərkəzi Fransa Milli Assambleyasında irəli sürülmüş əsassız qətnamə layihəsi ilə bağlı bəyanat yayıb

Yazını böyüt
Yazını kiçilt

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Fransa Milli Assambleyasında irəli sürülmüş növbəti qərəzli və əsassız qətnamə layihəsi ilə bağlı bəyanat yayıb.

Bu barədə hafta.az-a Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev məlumat verib.

Qətnamə ilə bağlı dərin narahatlığın ifadə edildiyi bəyanatda onun beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının suveren hüquqlarına müdaxilə xarakteri daşıdığı və siyasi motivasiyalı təşəbbüs kimi qiymətləndirilməli olduğu vurğulanıb. Bildirilib ki, qətnamədə Azərbaycanın guya etnik təmizləmə və soyqırımı həyata keçirməsinə dair səsləndirilən ittihamlar Soyqırımının qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya və beynəlxalq cinayət hüququna tamamilə ziddir. Azərbaycan öz suveren ərazisində həyata keçirdiyi antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüquqa, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının IV Konvensiyasına tam əməl edib, mülki əhalinin müdafiəsini təmin edib və bölgəni könüllü şəkildə tərk edən erməniəsilli şəxslərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün dəfələrlə çağırış edib.

Bundan başqa, həmin qətnamədə Ermənistanın guya “sülh tərəfdarı” kimi təqdim olunmasının BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin müddəalarına zidd olduğu bəyanatda vurğulanıb. BMT Təhlükəsizlik Şurası qətnamələrinin 30 ilə yaxın müddətdə yerinə yetirilmədiyi halda Fransa Milli Assambleyasının qəbul etdiyi sənəddə Qərbi Azərbaycandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququna dair heç bir qeydin yer almaması 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiyanın və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü və 17-ci maddələrinin açıq şəkildə pozulması olduğu bildirilib.

Bəyanatda Fransanın Cənubi Qafqaz regionunda neytral vasitəçi yox, tərəf kimi çıxış etməsinin, Ermənistanı hərbi sursatla təmin etməsi və revanşist qüvvələri təşviq etməsinin BMT Nizamnaməsinin 1-ci və 33-cü maddələrində təsbit olunmuş sülhün təşviqi və münaqişələrin dinc yolla həlli prinsipləri ilə ziddiyyət təşkil etməklə yanaşı, regional təhlükəsizliyə və sabitliyə təhdid yaratdığı, sülh səylərinə zərbə vurmaq məqsədi daşıdığı qeyd olunub.

“Avropa Azərbaycan Mərkəzi beynəlxalq hüququn təməl prinsiplərinə və BMT Nizamnaməsinə hörmətin təmin olunmasını bölgədə ədalətli və davamlı sülhün bərpası üçün əsas şərt hesab edir. Biz Fransa parlamentini və siyasi dairələrini qərəzli mövqedən əl çəkməyə, beynəlxalq hüquqa sadiq qalmağa və Azərbaycanın suveren hüquqlarına hörmət etməyə çağırırıq”, - deyə bəyanatda vurğulanıb.

Seçilən
32
3
hafta.az

4Mənbələr