"Aclıq ölümünə düçar edilən Qəzza sakinləri elektrik enerjisindən də məhrum edilə bilər..."
İsrail hökuməti Qəzza bölgəsinin tam ilhaqı məsələsini gündəmə gətirib. Plana əsasən, HƏMAS-a atəşkəslə bağlı qərar vermək üçün bir neçə gün vaxt veriləcək. Əgər radikal qruplaşma bu şərtə əməl etməzsə, İsrail tədricən Qəzzanın ilhaqına başlayacaq.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.
Netanyahudan HƏMAS-a son xəbərdarlıq
Qəzetin yazdığına görə, baş nazir Benyamin Netanyahu təhlükəsizlik kabinetinə yeni bir plan təqdim edəcək. Plana əsasən, ilkin mərhələdə təhlükəsizlik zonası daxilində yerləşən ərazilər, ardınca isə Sderot və Aşkelon şəhərləri ilə sərhəddəki şimal bölgələr ilhaq ediləcək. Netanyahu bildirib ki, bu proses HƏMAS tam məhv edilənədək davam edəcək. Qəzet yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası bu plana dəstək verir.
Koalisiyanın saxlanması ilhaqa bağlanıb
İsrailin maliyyə naziri, ultrasağçı siyasətçi Betsalel Smotriç planın həyata keçirilməsi halında hökumətdə qalacağına söz verib. Halbuki daha öncə o və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HƏMAS tamamilə məhv edilmədən atəşkəsə razılıq verilərsə, hökuməti tərk edəcəklərini və koalisiyanı dağıdacaqlarını bəyan ediblər.
Blokada, yoxsa tam işğal?
"The Times of Israel" isə 12-ci telekanala istinadla yazır ki, İsrail Nazirlər Kabineti Qəzza müharibəsini başa çatdırmaq üçün bir neçə ssenarini nəzərdən keçirir. Bu ssenarilərə tam hərbi işğal, şəhərlərin blokadası və ya mərhələli ilhaq daxildir. Əgər blokada planı qüvvəyə minərsə, Qəzzaya humanitar yardımın verilməsi dayandırılacaq. Həmçinin, bu bölgənin elektrik enerjisindən məhrum edilməsi də müzakirə olunur. Hərbi dairələr isə o ərazilərə daxil olmağı planlaşdırır ki, ehtimallara görə, orada israilli girovlar saxlanılır. Qeyd olunur ki, indiyədək bu ərazilərdən yan keçilib. İsrail ordusu son açıqlamasında Qəzza bölgəsinin təqribən 75 faizinə nəzarət etdiyini bildirib.
Humanitar yardım dəhlizləri və Trampın mövqeyi
İsrail iyulun 27-də bəyan edib ki, Qəzzanın bəzi bölgələrində hərbi əməliyyatları hər gün müəyyən saatlarda dayandıracaq və humanitar yardım üçün yeni dəhlizlər açacaq. Ertəsi gün ABŞ prezidenti Donald Tramp bölgədə ac insanların olduğunu etiraf edərək, Qəzzada ərzaq mərkəzlərinin yaradılması ilə bağlı planlarını açıqlayıb. Bir neçə gün əvvəl isə Netanyahu və Tramp HƏMAS-la danışıqlardan imtina etdiklərini elan edib. Onların sözlərinə görə, bu qərar radikal qruplaşmanın razılaşmaya getmək istəməməsi ilə bağlıdır.
Münaqişənin başlanğıcı və itkilər
Yaxın Şərqdə gərginlik 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı başlatdığı hücumla kəskinləşib. Qruplaşma əvvəlcə raket zərbələri endirib, sonra İsrail ərazisinə soxularaq mülki əhaliyə qarşı görünməmiş vəhşiliklər törədib. Həmin gün 1200-ə yaxın israilli öldürülüb, 250-dən çox insan isə girov götürülərək Qəzzaya aparılıb. Sonradan bəziləri dəyişdirilib və ya azad edilib, digərləri isə həlak olub. İsrail buna cavab olaraq HƏMAS-a qarşı müharibə elan edib. Qəzzada həyata keçirilən hava və quru əməliyyatları nəticəsində indiyədək 60 minədək fələstinli amansızcasına qətlə yetirilib, 143 min nəfər isə yaralanıb, 2 milyon insan aclıq ölümünə düçar edilib.