AZ

"Yenə əlimizdən gələni etməliyik" - Valdas Dambrauskas

"Öncə onu deyə bilərəm ki, səfərdəki nəticə bizim üçün uğurlu alındı".

"Football-plus.az" xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas evdə Moldova "Petrokub"u ilə keçirəcəkləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündən öncə jurnalistlərə açıqlamasında deyib.

Litvalı mütəxəssisin sözlərinə görə, ilk matçda 2:0 hesablı qələbə qazanmalarına rəğmən, rəqibə yuxarıdan-aşağı baxmaq olmaz:
"Komanda olaraq bərpa prosesini uğurla keçmişik və çalışacağıq ki, əvvəlki oyunlarda olan çatışmazlıqları aradan qaldıraq. Avrokubok matçlarında hansısa rəqibi zəif görmək düzgün deyil".

Dambrauskas cavab görüşü öncəsi bir neçə məqama diqqət çəkib:
"Nəticə pis olmasa da, yenə əlimizdən gələni etməliyik. Bizim üçün müdafiə hücumla başlayır, ona görə də daha çox qol vurmağa çalışmalıyıq. İlk qarşılşamanın nəticəsi qənaətbəxş olsa da, oyunun özündən tam razı qalmadım. Razı qaldığım xüsusilə son 10 dəqiqə oldu. Amma ümumi götürdükdə rəqib topa daha çox sahib idi. Mən isə istəyirəm ki, komandamız oyuna dominant şəkildə nəzarət etsin və topa sahib olma faizi bizdə daha yüksək olsun".

Baş məşqçi transferlərlə deyil, oyun modeli ilə fərqlənmək istədiklərini açıqlayıb:
"Bu dönəmdə əsas məqsədim komandamızın oyun sistemini daha da gücləndirməkdi. Eyni zamanda, bu prosesdə indiyə qədər az oynayan futbolçulara daha çox şans verib onların komandaya töhfələrini artırmaq niyyətindəyəm".

Xatırladaq ki, sabah "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Petrokub" matçı saat 20.00-da başlayacaq.
Seçilən
33
1
football-plus.az

2Mənbələr