İyulun 31-də Bakıda İsrailin strateji məsələlər naziri Ron Dermer və Suriyanın XİN rəhbəri Əsəd əl-Şeybani arasında görüş keçiriləcək. Görüşdə Suriyanın təhlükəsizliyi ilə bağlı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, Bakı bundan öncə də gərginlik yaşayan müxtəlif dövlətlər arasında görüş və danışıqlara vasitəçilik edib, regionda və dünyadakı bir çox problemlərin diplomatik yolla həllinə təkan verib. Bakının sabah İsraillə Suriya arasında danışıqlara ev sahibliyi etməsi də Azərbaycanın sülhpərvər mövqeyindən, qlobal sabitlik və təhlükəsizliyə verdiyi davamlı töhfədən xəbər verir. Bu fakt bir daha sübut edir ki, rəsmi Bakı yalnız Cənubi Qafqaz regionunda deyil, dünyanın dörd bir yanında sülhün, əmin-amanlığın, sabitliyin olmasında maraqlıdır.
Bakıda keçiriləcək İsrail-Suriya danışıqları ölkəmizin Qərb dövlətləri ilə müqayisədə daha bir üstünlüyündən xəbər verir. Bundan öncə İsraillə Türkiyə arasında gərginliyin zəifləməsinə dəstək verən Azərbaycanın bu kəs, İsraillə Suriya arasında münasibətləri normallaşdırmağa çalışması, bunun üçün ev sahibi kimi öz imkanını təqdim etməsi, ölkəmizin Qərb dövlətlərindən fərqli olaraq, regional və qlobal sülhə sadəcə sözdə deyil, həm də əməli şəkildə dəstək verdiyini göstərir. Müqayisə üçün qeyd edək ki, uzun illərdir ki, özünü sülh və demokratiya carçısı kimi təqdim edən Fransa Cənubi Qafqaz regiuonunda sabitliyin bərqərar olmasında maraqlı olduğunu söyləsə də, Ermənistanı sürətlə silahlandırmada, regionla bağlı siyasi-informasiya müstəvisində ardıcıl təxribatlar həyata keçirməkdədir. Başqa sözlə desək, dilindən sülh əskilməyən Fransanın əməli yalnız və yalnız müharibəyə xidmət edir ki, bu da Qərbin riyakarlığından xəbər verir.
Fransadan fərqli olaraq, Azərbaycan bütün məzlum və müharibələrin tükətdiyi, yorğun saldığı xalqların ümid yerinə çevrilməkdədir. Bu gün Bakı bütün dünyada sülh mayakı, sabitlik platforması rolunda çıxış edir. Və sabah ölkəmizdə reallaşacaq İsrail-Suriya danışıqları bu platformanın öz həyati rolunu getdikcə artırdığının, ona olan ümidləri artıqlaması ilə doğrultduğunun və bu müqəddəs missiyaya sadiq qaldığının göstəricisidir.
Seymur ƏLİYEV