AZ

Başımızın üstünü dəhşətli su və qida çatışmazlığı problemi alır...


Məlumdur ki, son onilliklərdə dünyada müşahidə olunan iqlim dəyişikliyi ekosistemlərə və insan həyatına birbaşa təsir göstərən qlobal bir problemdir.

Atmosferin isinməsi, ekstremal hava hadisələrinin artması, yağışların qeyri-bərabər bölgüsü, quraqlıqlar və daşqınlar kimi hallar təbiət tarazlığını pozur. Bu dəyişikliklərin ən çox təsir etdiyi sahələrdən biri də qida və su təhlükəsizliyidir.

İqlim dəyişikliyi su resurslarını da ciddi şəkildə təhdid edir. Temperatur artdıqca buxarlanma artır və su ehtiyatları tükənməyə başlayır. Bir çox bölgədə yağıntıların azalması və ya qeyri-müntəzəmliyi, çayların, göllərin və su anbarlarının səviyyəsinin aşağı düşməsinə səbəb olur. Quraqlıq halları daha tez-tez və uzun müddətli olur ki, bu da kənd təsərrüfatında suvarma üçün mövcud su ehtiyatlarını məhdudlaşdırır. Dəniz səviyyəsinin qalxması da içməli suya təsir edir. Sahilyanı bölgələrdə duzlu suyun içməli su mənbələrinə qarışması nəticəsində, içməli su ehtiyatları çirklənir və istifadəyə yararsız hala gəlir. Bu xüsusilə ada ölkələri və sahilyanı şəhərlər üçün ciddi təhlükə yaradır. Bu fonda Arizona Universitetindən olan iqlimşünaslar, geofiziklər və hidroloqlardan ibarət beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, son 22 ildə buzla örtülməmiş quru ərazilər görünməmiş sürətlə su ehtiyatlarını itirib. Araşdırma göstərib ki, mənfi su balansına malik quru ərazilərin sahəsi hər il təxminən 830 min kvadrat kilometr artıb. Bu proses Şimal yarımkürəsində daha intensiv gedib və dörd böyük “meqaquruma” regionu formalaşıb: Kanada və Alyaskanın şimalı, Rusiyanın şimalı, ABŞ-ın cənub-qərbi və Mərkəzi Amerika. Daha bir iri “quruma zonası” Şimali Afrikadan başlayaraq Avropa və Yaxın Şərqi keçib, Çinə və Cənub-Şərqi Asiyaya qədər uzanıb. “Science Advances” jurnalında dərc olunan araşdırmada bu hadisə "kontinental quruma" adlandırılıb. Onun nəticələrini isə artıq milyardlarla insan hiss edir. Əsas səbəblər iqlim dəyişikliyi və insan fəaliyyəti olub. Buzla örtülməmiş ərazilərdə itirilmiş suyun təxminən 68 faizi yeraltı suların azalması ilə bağlıdır ki, bu da xüsusilə Mərkəzi Asiya, Meksika, Kaliforniya, Hindistan və Ərəbistan yarımadasında müşahidə olunub. Qalan 32 faiz isə səth sularının azalması, qar örtüyü və buzlaqların əriməsi, eləcə də torpaq və bitki örtüyünün uzun müddət susuz qalması ilə bağlı olub. Əsas faktorlar suya artan tələbat və yağışlı dövrlərdə belə, bu itkilərin kompensasiya edilə bilməməsidir. Tədqiqatçılar həmçinin kontinental quruma nəticəsində dünya okeanının səviyyəsinin artmasına diqqət yönəldirlər. Son illərdə okeanlara daxil olan şirin suyun əsas mənbəyi buzlaqlar yox, məhz quru ərazilər olub. Yeraltı suların nasoslarla çıxarılması, daimi donmuş ərazilərin əriməsi və su hövzələrinin tükənməsi artıq Qrenlandiya və Antarktidadakı buz təbəqəsindən daha çox təsir göstərir. Qeyd olunur ki, quruma sürəti 2014-cü ildən etibarən, yəni ən güclü “El Nino” hadisəsinin baş verdiyi ildən bəri xeyli artıb. Alimlərin fikrincə, su ehtiyatlarının tükənməsinin qarşısını almaq üçün yeraltı suların istifadəsini ciddi şəkildə azaltmaq lazımdır. Əks halda, insanlıq təkcə şirin su qıtlığı ilə deyil, həm də dəniz səviyyəsinin daha sürətli qalxması ilə üzləşə bilər.

Qlobal istiləşmə nəticəsində kənd təsərrüfatı sahəsində ciddi dəyişikliklər baş verir. Temperaturun artması və yağıntı rejiminin dəyişməsi, torpağın məhsuldarlığını azaldır. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı iqlimə çox həssas olduğundan məhsuldarlıq aşağı düşür. Misal üçün, düyü, buğda və qarğıdalı kimi əsas ərzaq məhsullarının məhsuldarlığında azalma müşahidə olunur. Bu, həm ərzaq qıtlığına, həm də qiymətlərin artmasına səbəb olur. İqlim dəyişikliyi həm də kənd təsərrüfatında zərərvericilərin və xəstəliklərin artmasına səbəb olur. İsti və rütubətli hava şəraiti, bir çox bitki xəstəliklərinin və zərərli həşəratların yayılmasına şərait yaradır. Bu da məhsul itkisini artırır və fermerlərin gəlirlərini azaldır. BMT baş katibinin müavini Əminə Məhəmməd ölkələri iqlim böhranı fonunda qida sistemlərini dəyişdirmək səylərini ikiqat artırmağa çağırıb. O qeyd edib ki, bu səylər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ən böyük həll yollarından biridir. Efiopiya və İtaliyanın birgə təşkilatçılığı ilə Əddis-Əbəbədə keçirilən BMT-nin Qida Sistemləri Sammitində yekun nitqi ilə çıxış edən Əminə Məhəmməd qida sistemlərinin transformasiyası sürətini yüksək qiymətləndirib. O, həmçinin xəbərdarlıq edib ki, 2030-cu ilə cəmi beş il qalıb, amma aclıq və qida çatışmazlığı davam edir. İqlim şokları, münaqişələr, borclar və bərabərsizlik sistemlərdəki çatları genişləndirir. O əlavə edib: “Tez-tez qida sistemləri problemlərimizin bir hissəsi kimi qəbul edilir. Əslində, onlar insanlara, planetə, sülhə və firavanlığa çatmaq üçün ən böyük həllərdən birinə çevrilə bilər”. BMT-nin Qida Sistemləri Sammitinin məqsədi qida sistemlərini daha inklüziv, dayanıqlı və davamlı etmək üçün milli və qlobal tədbirləri təhlil etməkdir. Bu sahədə hesabatı tərəqqini qiymətləndirmək və öhdəlikləri yeniləmək üçün hökumətlər, vətəndaş cəmiyyəti, yerli xalqlar, gənclər və özəl sektordan olan 3000-dən çox iştirakçı Efiopiyada bir araya gəlib. Bu günə qədər 130-dan çox ölkə BMT agentlikləri və inkişaf tərəfdaşları tərəfindən dəstəklənən qida sistemlərinin transformasiyası üçün “Milli həll yolları” adlı sənəd hazırlayıb. Ə.Məhəmməd öz müraciətində irəliləyişin bir neçə sahəsini vurğulayıb və təcili, əlaqələndirilmiş fəaliyyətə çağırıb. O qeyd edib ki, qida sistemləri iqlim həlləri kimi təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Ramil QULİYEV

Seçilən
29
baki-xeber.com

1Mənbələr