BAKI. 30 iyul. TELEQRAF
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Aris”lə sabah baş tutacaq matç öncəsi mətbuat konfansı keçirilib. Komandamızdan baş məşqçi Elmar Baxşıyev və Bruno Franko jurnalistlərin suallarını cavablandırıb:
Elmar Baxşıyev (baş məşqçi): “Birinci oyundan əvvəl də qeyd etdmişdik ki, şanslar bərabərdir. Bunu söz xatirinə demirdik, rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Buna görə Bakıdakı oyundan əvvəl şansların 50-nin 50-yə olduğunu demişdik. Bizi öz komandamız maraqlandırır. “Aris”in bərbad komanda olduğunu düşünmürəm. Sizdən fərqli olaraq biz meydanda həmin mübarizəni hiss edirdik. “Aris”ə hörmət edir, bir qədər çəkinirik.
Şans dediyiniz statistikadır, ona baxmırıq, oyunun taleyi meydanda həll olunur. Oyun ərzində komanda olaraq ən yaxşısını etməyə çalışacağıq.
Birinci oyunu unutmuşuq. Sabahkı görüş haqda düşünürük. Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram.
Rəqibin necə oynayacağı haqda danışmaq istəmirəm. Çünki məni komandam, futbolçularımın nə edəcəyi maraqlandırır. “Aris”in güclü və zəif tərəflərini bilirik. Azarkeşlərə gəldikdə, bizim futbolçular da müxtəlif vaxtlarda bu cür fanat ordusu qarşısında oynayıblar. Ona görə ciddi təzyiq altına düşəcəklərinə inanmıram.
Yenə deyirəm, Bakıdakı oyunu və nəticəni unutmuşuq. Hər şey sabahkı oyunda həll olunacaq. Biz də komanda olaraq bu görüşə köklənmişik”.
Bruno Franko (futbolçu): “Birinci oyunun nəticəsini yaddan çıxarmışıq. Bizim üçün oyunun vacib hissəsi sabah olacaq. Meydana çıxarkən hesabın 0:0 olduğunu düşünəcəyik. Yəni ilk oyuna necə çıxmışdıqsa, bu dəfə də o şəkildə meydana ayaq basacağıq.
Birinci oyunda yaxşı şanslarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi sabahkı görüşə diqqət ayırmalıyıq.
Bilirik ki, sabah stadionda anşlaq olacaq. Bu cür oyunlarda iştirak etmişəm. Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın. Ancaq bunlar oyuna köklənməyimizə təsir etməyəcək”.