"Yaponiyada 1,9 milyon insan təxliyə edilib, Havayda kruiz gəmiləri vaxtından əvvəl limanı tərk edib, Kaliforniyada sahil zolaqları bağlanıb..."
Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən güclü - 8,8 bal gücündə zəlzələ yalnız Rusiyanı deyil, bütöv Sakit okean hövzəsini silkələyib. Bu, 1952-ci ildən bəri bölgədə qeydə alınan ən güclü yeraltı təkandır.
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, onun ardınca 50-dən çox afterşok qeydə alınıb və Rusiyanın seysmoloji qurumları önümüzdəki bir ay ərzində 7,5 bal gücündə yeni təkanların ola biləcəyi barədə xəbərdarlıq yayıb.
Kamçatkanın Şimal-Kurilsk şəhərində sunami dalğaları limanı və balıq emalı zavodunu su altında qoyub, gəmilər dayanacaq yerlərindən qoparaq sahilə çırpılıb. Petropavlovsk-Kamçatsk şəhərində fövqəladə vəziyyət elan olunub.
Sunami yalnız Rusiya ilə məhdudlaşmayıb
Zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıqlar Yaponiya, ABŞ, Meksika, Peru, Çili, Ekvador, Filippin, İndoneziya və hətta uzaq Qalapaqos adalarında da elan olunub. ABŞ-ın Sunami Erkən Xəbərdarlıq Sistemi, Sakit okeanın müxtəlif sahillərində üç metrdən hündür dalğaların mümkünlüyü barədə məlumat verib.
Yaponiya hökuməti sahilboyu ərazilərdə yaşayan təxminən 1,9 milyon insanın təxliyəsinə qərar verib. İvate prefekturasında 1,3 metr hündürlüyündə dalğa sahilə çırpılıb, sürətli qatarların hərəkəti və bir sıra müəssisələrin fəaliyyəti dayandırılıb. Tokionu ətraf adalara və Hokkaydo adasını Aomori ilə birləşdirən bərə marşrutları ləğv edilib. Sendai hava limanı müvəqqəti olaraq uçuşları dayandırıb.
ABŞ-ın Sakit okean sahillərində tədbirlər
Havay adalarının sahillərində 2 metrlik, Kaliforniyada isə 0,5 metrlik dalğalar qeydə alınıb. Havay ştatının qubernatoru Coş Qrin bəyan edib ki, "növbəti 2-3 saat vəziyyətin kəskinləşməsi baxımından həlledici olacaq". Kaliforniyada çimərliklər və limanlar bağlanıb, xüsusilə Oreqon sərhədi yaxınlığında dalğaların 1,5 metrə çata biləcəyi proqnozlaşdırılır. Bu əyalətdə yerləşən Krescent-Siti şəhəri tarixində artıq 32 dəfə sunami ilə üzləşib.
Havaydan təxliyələr və reys dəyişiklikləri
Sunami təhlükəsinə görə "Alaska Airlines" və "Hawaiian Airlines" Havay istiqamətində olan bütün reysləri dayandırıb. Bəzi təyyarələr Los-Anceles, Vankuver və San-Fransiskodan havaya qalxdıqdan sonra geri qaytarılıb və ya başqa hava limanlarına yönləndirilib. Hilo limanında lövbər salmış "Pride of America" kruiz gəmisi təhlükə səbəbindən planlaşdırılandan 2,5 saat əvvəl limanı tərk edib. Bu səbəbdən bir çox sərnişin və heyət üzvü gəmiyə qayıtmağa macal tapmayıb.
Sunami necə hərəkət edir?
Sunami dalğaları dənizin dərinliklərində saatda 800 km-dən çox sürətlə hərəkət edə bilir və bu, okeanı bir sutkadan az vaxtda keçməyə imkan verir. Lakin bu sürət eyni zamanda episentrdən yaxın ərazilərdə təxliyyə üçün kifayət qədər vaxt qoymur. Dalğalar ilk baxışdan film səhnələrindəki kimi nəhəng divar formasında deyil, sürətlə gələn kütləvi su basqını şəklində olur və bir neçə dalğa ard-arda sahilə çırpılaraq, suyun səviyyəsini artırır.
Dünya hazırdırmı?
Bu hadisə göstərdi ki, sunami riski yalnız episentrə yaxın olan bölgələri deyil, bütün Sakit okean hövzəsini əhatə edə bilər. Zəlzələnin gücü və yayılma sürəti, təxliyə və xəbərdarlıq sistemlərinin nə qədər effektiv işləməsinin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha sübut etdi. Hazırda sunami xəbərdarlıqları tamamilə ləğv edilməyib və dalğaların geri qayıtması ehtimalı da hələlik qalır.