BAKI. 30 iyul. TELEQRAF
“Birinci oyunun nəticəsini yaddan çıxarmışıq. Bizim üçün oyunun vacib hissəsi sabah olacaq".
Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Bruno Franko Yunanıstanda "Aris"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
Braziliyalı müdafiənin sözlərinə görə, meydana çıxarkən hesabın 0:0 olduğunu düşünəcəklər: "Yəni, ilk oyuna necə çıxmışdıqsa, bu dəfə də o şəkildə meydana ayaq basacağıq. Birinci oyunda yaxşı şanslarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi sabahkı görüşə diqqət ayırmalıyıq".
27 yaşlı oyunçu dolu tribunalar qarşısında çıxış etməkdən qorxmadığını diqqətə çatdırıb: "Bilirik ki, sabah stadionda anşlaq olacaq. Bu cür oyunlarda iştirak etmişəm. Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın. Ancaq bunlar oyuna köklənməyimizə təsir etməyəcək”.
Qeyd edək ki, iyulun 31-də Salonikidə keçiriləcək "Aris" - "Araz-Naxçıvan" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.