AZ

“Kəpəz”in yeni qapıçısı: “Klub və azarkeşlər məndən də razı qalacaqlar”

"Kəpəz"in polşalı yeni qapıçısı Kaçper Rosanın futbolinfo.az saytına müsahibəsi

– "Kəpəz"ə keçidiniz necə alındı? Nəyə görə karyeranızı Azərbaycanda davam etdirməyi üstün tutdunuz?

– "Motor" klubu ilə müqaviləm bitdikdən sonra qərara gəldim ki, karyeramı xaricdə davam etdirim, futbola fərqli baxış bucağından və fərqli mədəniyyətlə yanaşım. Bu məqamda "Kəpəz"dən təklif gəldi və danışıqlara başladıq. Danışıqların yekununda razılığa gəldik və sözləşməyə qol çəkdim.

– "Kəpəz"ə keçənə qədər Azərbaycan futbolu haqda hansı informasiyaya sahib idiniz?

– Qərar verməmişdən öncə bir neçə futbolçu ilə danışdım. Onlar Azərbaycandakı həyat, futbol klubları ilə bağlı mənə yalnız müsbət fikirlər söylədilər.

– "Kəpəz"lə müqavilənizin cəmi 1 illik olması diqqət çəkdi. Bu o deməkdir ki, Gəncə klubunda uzun müddət qalmağı düşünmürsünüz?

– Xeyr, bu o demək deyil ki, burada uzun müddət qalmaq istəmirəm. Sadəcə, danışıqlar elə aparıldı ki, 1 illik müqavilə imzalandı. Gələcəkdə nə olacağını zaman göstərər. Hazırda bu barədə düşünmürəm. Əsas diqqətimi məşqlərə və əsl formama çatmağa yönəltmişəm.

– "Kəpəz"dən yeni mövsümdə necə performans gözləyirsiniz?

– İstəyirəm ki, "Kəpəz" cəsarətli və komplekssiz futbol oynasın, oyunlarımız azarkeşlərə çoxlu emosiya və sevinc bəxş etsin. Qələbələr qazanmaq istəyirəm.

– "Kəpəz"in sabiq qapıçısı Rojerio Santos Azərbaycanda özünü yaxşı tərəfdən göstərməyi bacardı, burada çoxlu seyvlərin müəllifi oldu. Siz ondan da yaxşı performansla yadda qala biləcəksiniz?

– Ümid edirəm ki, klub və azarkeşlər Rojeriodan razı qaldıqları qədər məndən də razı qalacaqlar. Bunun üçün əlimdən gələni edəcəyəm.

– İki il Polşa çempionatında oynayan və bir neçə gün öncə Azərbaycana qayıdan Rahil Məmmədovu, həmçinin hazırda karyerasını ölkənizdə davam etdirməkdə olan Renat Dadaşovu tanıyırsınız? Onlarla meydanda qarşılaşmısınız?

– Əlbəttə ki, Rahil Məmmədov və Renat Dadaşovu tanıyıram. Amma onlara qarşı oynamaq imkanım olmayıb. Renat bu yaxınlarda mənim əvvəlki komandama qoşulub. Fikrimcə, bu, onun üçün çox yaxşı seçimdir.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr