Böyük Britaniyanın Cambridge Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat göstərib ki, hər gün orta tempdə edilən cəmi 20 dəqiqəlik piyada gəzinti ölüm riskini 20 faizə qədər azalda bilər.
Redaktor.az xəbər verir ki, araşdırma 30 il ərzində 500 mindən çox insanın məlumatları əsasında aparılıb.
Mütəxəssislərin fikrincə, fiziki hərəkətsizlik dünyada ürək-damar xəstəlikləri və bir çox xroniki problemlərin başlıca səbəblərindən biridir. Lakin gündə cəmi 20 dəqiqə orta intensivlikdə fiziki aktivlik məsələn, sürətli yeriyiş bu risklərin xeyli azalmasına səbəb ola bilər.
Cambridge Universitetindən tibb professoru Dr. James Wood bildirib:
"Araşdırmamız göstərdi ki, heç olmasa minimal fiziki aktivlik belə insan sağlamlığına əhəmiyyətli təsir edir. Hətta gündəlik iş rejimində 20 dəqiqə gəzinti etmək, xüsusilə oturaq həyat tərzi keçirən insanlar üçün çox faydalıdır".
Tədqiqatçılar əlavə edirlər ki, bu cür fiziki aktivlik depressiya, diabet və artıq çəki kimi problemlərin də qarşısını almağa kömək edə bilər.
Nuriyyə NATİQQIZI